foto-1

ADNSU-nun Elmi Şurasının növbəti iclası keçirilib

Bu slaydşou üçün JavaScript lazımdır.

Noyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda “Qışa hazırlığın vəziyyəti” barədə hesabat verən İnzibati-təsərrüfat işləri üzrə prorektor Elçin Ağakişiyev auditoriyalarda, dəhlizlərdə istiliyin təmin olunması, universitetdə aparılan təmir işləri barədə geniş məlumat verib.

Əcnəbi tələbələr dekanlığının dekanı, t.e.n. Yaşar Həsənov “Əcnəbi tələbə və doktorantların təhsilinin vəziyyəti” haqqında məlumat verib.

Kvalifikasiya işləri üzrə elmi adlara iddiaçı olan 8 əməkdaşı Elmi Şura üzvlərinə təqdim edən Elmi katib, dosent Yetər Əliyeva onların hər biri haqqında məlumat verib. İddiaçılara Şura üzvləri tərəfindən müxtəlif suallar verildikdən sonra onların seçkiyə getmə məsələsi səsə qoyulub. Səsvermənin nəticələrinə əsasən bütün namizədlərin sənədlərinin Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasına göndərilməsi qərara alınıb.

İclasda “İqtisadiyyat və Menecment” fakültəsinin dekanı, dosent İlham Məmmədovun illik hesabatı dinlənilib.

Elmi Şura Hazırlıq şöbəsində ingilis dilində tədris aparan müəllimlərə yerinə yetirdikləri saatlar üzrə ödənişin, qəbul olunmuş saat hesabı ödənişin 2 misli kimi hesablanmasını qərara alıb.

Sonda ADNSU-nun “I şöbəsi haqqında Əsasnamə”, “Mühasibat şöbəsi haqqında Əsasnamə”, “Elm və ixtiraçılıq şöbəsi haqqında Əsasnamə”, “Məzun-karyera mərkəzinin Əsasnaməsi”, “MBA-nın Əsasnaməsi”, “BBA-nın Əsasnaməsi”, “ZU-nun Əsasnaməsi”nin mətnləri səsə qoyularaq təsdiq edilib.