minerologiya-6

ADNSU-nun Mineralogiya kabinetinin muzey standartlarına uyğunlaşdırılması işinə Almaniyadan ekspert cəlb olunub  

Bu slaydşou üçün JavaScript lazımdır.

Almaniyanın Senior Experten Service” (SES) təşkilatının eksperti, doktor Ulrix Şmidt ADNSU-nun Mineralogiya kabinetinin muzey standartlarına uyğunlaşdırılması üçün 2 həftə ərzində ali məktəbdə olub. ADNSU-nun təşəbbüsü ilə “AZ-Museum” layihəsi çərçivəsində Azərbaycana gəlmiş ekspert universitetin “Faydalı qazıntı yataqlarının geologiyasının işlənməsi” kafedrasının dosenti Ağamehdi Ağayevlə birlikdə Mineralogiya kabinetində qorunan eksponatlar və texnoloji avadanlıqlarla tanış olub. ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşdə doktor Ulrix Şmidt mineralogiya kabinetinin genişləndirilməsi və zənginləşdirilməsi üçün təkliflərini verib. ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq departamenti doktor Ulrix Şmidtlə görüşüb ondan müsahibə götürüb.

ADNSU-nun Mineralogiya kabineti sizdə nə kimi təəssürat yaratdı?

ADNSU-nun Mineralogiya kabineti regionun mineralların toplandığı ən zəngin məkanlarından biridir və buranın muzey kimi fəaliyyət göstərməsi üçün geniş imkanlar mövcuddur. Mənim buraya dəvət olunmağım da mineralogiya kabinetini muzey standartlarına uyğunlaşdırılması məqsədilə baş tutub. Buranı Azərbaycanın Mineralogiya muzeyinə çevirmək üçün bir neçə konsepsiya var və bunları reallaşdırmaq üçün planlı hərərkət etmək vacibdir. Muzey ilk növbədə ziyarətçilərdə maraq yaratmalı və hər kəsə açıq olmalıdır. Eksponatlar muzeydə yalnız nümayiş olunmamalıdır, onlar həm də sanki danışmalıdır. Hər bir elmi nəzəriyyənin arxasında onun bir maraqlı hekayəsi də olur, bu eksponatlar da belədir. Onların mütləq bir “hekayəsi” vardır.  Ən önəmli faktor odur ki, muzey 7-dən 77-yə hər kəs üçün marqlı olmalıdır. Mineralogiya  və minerallar ilk baxışda maraqlı olmaya bilər. Lakin mineralogiya muzeyi olarsa və orada hər bir mineral haqqında məlumat, onların xüsusiyyəti və mütləq bir hekayəsi olarsa, bu insanların marağına səbəb olar.

ADNSU-da fəaliyyət göstərən mineralogiya kabinetinin inkişaf etdirilməsi üçün hansı təklifləriniz var?

İlk növbədə geniş zal, eksponatların nümayişi üçün yaxşı şərait olmalıdır. Bundan əlavə onun təkcə universitetin tələbə və müəllimləri üçün deyil, geniş əhali kütləsi, istənilən ziyarətçiyə açıq olması üçün səkidən buraya ayrıca girişin olması məqsədəuyğundur. Bundan əlavə, olduqca mühüm məqamlardan biri buraya muzey statusunun verilməsidir. Amma bir şeyi unutmaq olmaz ki, ziyarətçilərə təkcə eksponatlar, kimya və elm maraqlı deyil. Onlara həmin eksponatların haradan tapıldığı, nədə və harada istifadə olunduğu və onların həyatda istifadə edildiyi sahələri bilmək maraqlıdır. Bu halda onun daha geniş kütlələrə xitab etməsi və maraq oyatmasını təmin etmək olar. Bununla yanaşı muzeyin müasir texnoloji avadanlıqlarla təchiz olunmasının, mediada geniş reklam və təbliğatın aparılmasının da muzeyin tanıdılmasında rolu əvəzsizdir. Təkliflərimiz əsasən bununla bağlıdır.

Mineralogiya kabinetinin tanıdılması üçün görüləcək ən vacib addım nədir?

Əvvəlcə onu deyim ki,  mineralogiya kabinetinin tandılması üçün burada əsas baza var. Olduqca geniş çeşiddə mineral toplanıb ki, bu da bir muzey üçün əsas faktordur. Biz iki həftədir ki, mineralogiya kabinetində çalışırıq. Əsas məsələlərdən biri də maddi təminat,  geniş məkan, ziyarətçi cəlb etmək və media ilə işləməkdir. Bunlardan savayı mineralogiya kabinetini  tanıtmaq üçün bir çox işlər görmək olar. Video-çarxlar hazırlamaq, fotolar hazırlamaq, məlumatları paylaşmaq və sair ola bilər. Bu addılmar ardıcıl və davamlı olarsa bu kabinet Azərbaycanın yeganə və geniş çeşiddə minerallar toplanmış Mineral muzeyi ola bilər.