Rektor

    Babanlı Mustafa Baba oğlu 1968-ci il fevral ayının 21-də anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, həmin il də Kiyev Texniki Universitetinin (əvvəlki KPİ) mühəndis-fizikası fakultəsinin Metallar Fizikası ixtisasına daxil olub. Mustafa Baba oğlu Babanlı 1989 –cu ildə Ukrayna Milli Texniki Universitetinin (əvvəlki Kiyev Politexnik İnstitutunun) mühəndis-fizikası fakultəsinin “Metallar Fizikası” ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis texnoloq kimi əmək fəaliyyətinə başlamışdır.
M.B.Babanlı 1990-1992 -ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, 01.04.07-“Bərk cisimlərin fizikası” ixtisası üzrə, “İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, Fizika-Riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
M.B.Babanlı 1996-cı ildən Azərbaycan Texniki Universitetinin “Metallurgiya və metalşünaslıq” kafedrasında işləyir. Əvvəlcə assistent, 2001-ci idən 2010-cu ilədək dosent vəzifəsində çalışmışdır.
04.11.2010-cu il tarixində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilmişdir. 29.12.2010-cu il tarixdə müsabiqə yolu ilə “Metallurgiya və metalşünaslıq” kafedrasının professoru vəzifəsinə seçilmişdir. O, mühəndis-metallurqların bakalavr buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edir, mühazirələr oxuyur. O, hal-hazırda 1 texniki elmlər doktoru dissertasiyasının elmi məsləhətçisi və 4 texnika üzrə fəlsəfə doktoru dissertasiyasına isə rəhbərlik edir.
1994-cü ildən etibarən Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutu (Kiyev), Fransa Ali Kimya Məktəbi (Paris, Fransa), Fransa Elmi Araşdırmalar Mərkəzi (Vitri, Fransa), Balear adaları Universiteti (Palma de Malyorka, İspaniya), Frayberq Dağ-Mədən Akademiyası – Texniki Universitet (Frayberq, Almaniya) ilə sıx elmi əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində “STCU-453” (1997-1999), “DNİPRO” (1999-2002), “ECONET” (2002-2005), “STCU-3520” (2006-2009), “CNRS-ANAS” (2009-2010), “CNRS-ANAS” (2010-2011) “STCU-5078” (2010-2011) və “STCU-5595” (2012-2013) kimi beynəlxalq elmi layihələrə rəhbərlik etmişdir.
O, 27.02.2008-ci ildə Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən D-02.171 Dissertasiya Şurasında texniki elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edərək 23. 01.2009 –cu ildə “Materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. Elmi iş stajı 22, pedaqoji iş stajı isə 17 ildir.Elmi İstiqaməti: Metallar fizikası, Materialşünaslıq.
Elmi işlərinin istiqaməti:
• Massiv amorf ərintilərin işlənməsi.
• Forma yaddaşlı ərintilərin işlənməsi.
• Materialların yeni texnologiyalarla hazırlanması.
• Nano quruluşlu forma yaddaşlı ərintilərin işlənməsi.
M.B.Babanlının çap olunmuş 138 elmi və elmi-metodik işi vardır. Müdafiədən sonra M.B.Babanlının 56 elmi və elmi-metodik işi, o cümlədən 2 patent, 20 beynəlxalq və respublika elmi-texniki konfrans materialları, 1 dərslik, 2 dərs vəsaiti, 1 monoqrafiya və 3 fənn proqramı nəşr olunmuşdur.