Card image cap

ADNSU tələbələri respublika ali məktəbləri arasında ilk olaraq “Qarabağ Azərbaycandır və nida işarəsi” kampaniyasına qoşulublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetitinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsi respublika universitetləri arasında birinci olaraq Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı Gənclər Birliyinin başladığı “Qarabağ Azərbaycandır və nida işarəsi” kampaniyasına qoşulub. ADNSU-nun yüzdən artıq tələbəsi oktyabrın 4-də universitetin binası önündə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı əks olunmuş plakatla şəkil çəkdirərək və onu sosial şəbəkələrdə #İlhamlaİrəli, #KarabakhIsAzerbaijan və #YAPGəncləri həştəqlərindən istifadə edərək paylaşıblar. Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına və danışıqlarda destruktiv mövqe tutaraq bölgədə sülhün və əmin-amanlığın bərqərar olunmasına əngəl törətdiyinə yönəltməkdir.

Xatırladaq ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək Ermənistan baş nazirinin “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deyə bəyan etmişdir.