Card image cap

ADNSU-da 2019-2020-ci tədris ilində ilk “Açıq mikrofon” təşkil olunub

Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2019-2020-ci tədris ilində ilk “Açıq mikrofon” təşkil olunub. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Rektor Mustafa Babanlı tədbir iştirakçılarını salamlayaraq öncə Beynəlxalq Müəllimlər Günü münasibəti ilə universitetin bütün profofessor-müəllim heyətini təbrik edib, onlara möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzu edib. Sonra ölkədə aparılan təhsil islahatlarından söz açan rektor bildirib ki, təhsilin inkişafı istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarından irəli gələn məsələlər artıq öz müsbət həllini tapıb. Yeni tələbə təqaüdlərinin təyin olunması və çoxaldılması, ali məktəblərdə innovativ təhsilin tətbiqi, dövlət hesabına təhsil alan tələbələrin sayının artırılması və digər bu kimi çoxsaylı layihə və proqramlar təhsilin inkişafında ciddi irəliləyişə səbəb olub. Eyni zamanda, Təhsil Nazirliyinin birbaşa dəstəyi və iştirakı ilə universitetlərdə tətbiq olunan bu yeniliklər təhsildə sağlam rəqabət mühitinin yaradılmasında və tədrisin müasir standartrlara uyğunllaşdırılmasında ciddi təkan olub.

Ali təhsil müəssisələrinə qəbulla bağlı məsələlərə də toxunan rektor diqqətə çatdırıb ki, bu il ADNSU-ya bakalavr səviyyəsinə 2870 nəfər abituriyent qəbul olunub, onların da 2254 nəfəri ödənişsiz əsaslarla - dövlət hesabına təhsil alacaq. Ümumilikdə bu il ADNSU-da orta qəbul bal 433 bal təşkil edib. Qəbul statistikasına nəzər saldıqda görürük ki, 2019-cu ildə respublikada I qrup üzrə 500 baldan yuxarı göstəricisi olan abituriyentlərin sayı 1866 nəfər olub, onlardan da 901 nəfəri, az qala yarısı bizim üniversitetə qəbul olunub. 600-dən yuxarı bal toplayan 554 nəfər abituriyentdən 217 nəfəri ADNSU-nu seçib. Həmçinin, eyni müsbət tempi ADNSU-da magistr, doktarantlara təhsil pillələrində də görmək mümkndür. Bunlar bizim üçün çox yüksək göstəricilərdir, universitetin uğurudur.

Rektor Mustafa Babanlı çıxışında tədrislə bağlı bir çox məsələlərdən söz açaraq tələbələrin dərsə davamiyyətinin, tədris proqramına uyğun olaraq ixtisasın mənimsənilməsinin vacibliyini vurğulayıb. O, tələbələrin elmi fəaliyyətinin formalaşması, kurs və buraxılış işlərinin qiymətləndirilməsi, həmçinin, keyfiyyətli təhsilin təmini üçün Web-distant təhsil sisteminin yaradıması, imtahan qaydaları və bir çox vacib məsələlər haqqında geniş məlumat verib. Yeni yaradılan innovasiya mərkəzlərinin, müasir proqram və layihələrin tətbiqinin təhsilin keyfiyyətinin yüksəldilməsində çox mühüm rol oynayacağını deyib.

Sonra  universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri haqqında məlumat verib. Ən yaxşı qrup nominasiyalarının qalibləri tədbir iştirakçılarına təqdim olunub və qruplar ödüllərlə mükafatlandırılıb.

Daha sonra rektor Mustafa Babanlı ənənəvi olaraq, tələbələrin suallarını cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.