Card image cap

ADNSU XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən  XIII Azərbaycan Beynəlxalq Təhsil sərgisində iştirak edir. Sərgidə ADNSU-da tədris olunan ixtisaslar, startap layihələri, universitetin beynəlxalq əməkdaşlıq əlaqələri, bakalavr, magistratura və doktorantura pilləsi, həmçinin elmi-texniki nailiyyətləri geniş şəkildə təqdim olunur.

ADNSU-nun stendində universitetin professor-müəllim heyətinin müəllifi olduğu mühəndislik, neft-kimya və informasiya texnologiyalarına aid kitabları, dərs vəsaitləri nümayiş olunur. ADNSU-nun stendində həmçinin, universitetin “Eazi START” Startap və İnnovasiya Mərkəzinin “Smart Keyboard”,”CamTouch” layihələrinin prototipləri də nümayiş olunur. Bundan əlavə, universitetin özünün məhsulu olan layihələr və  “Web Auditoriyalar” üçün hazırlanmış xüsusi masa da ADNSU-nun stendində əsas yer tutur. Stenddə universitetin “Kimya texnologiya fakültəsi”nin müəllim heyəti tərəfindən əyani şəkildə aparılan  laborator işlər də sərgi iştirakçılarına universitetin laboratoriya imkanları haqqında məlumat verir. Sərgi iştirakçıları həmçinin ADNSU-nun stendində universitet haqqında geniş videoçarx, Azərbaycan, rus və ingilis dillərində prospektlər, üç adda buklet, iki dildə nəşr olunan “Oil and Industry” jurnalı vasitəsilə universitetin təqdim etdiyi tədris imkanları və yeniliklərlə tanış ola bilirlər. 

XIII Azərbaycan Beynəlxalq Təhsil sərgisində ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti – UFAZ da sərgidə özünün geniş tədris imkanlarını təqdim edir.

Sərginin açılış mərasimində iştirak edən Təhsil naziri Ceyhun Bayramov və nazirliyin digər əməkdaşları ADNSU-nun stendi ilə tanış olublar. ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitet, tədris  prosesi və startap layihələri haqqında ətraflı məlumat verib. Rektor universitetdə tədris prosesinin innovativ şəkildə təşkili və təhsilin keyfiyyətinin artırılması üçün  xüsusi olaraq yaradılan “Web Auditoriya” haqqında nazirə məlumat verib  və web auditoriyalar üçün universitetdə xüsusi olaraq hazırlanmış iş masasının mexanizmini izah edib. 

Qeyd edək ki, XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edir. Sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır. Üç gün ərzində sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

  1. Sərgi oktyabrın 12-nə qədər davam edəcək.