Card image cap

Energetika Naziri Pərviz Şahbazov ADNSU-da təhsil alan Monqolustanlı tələbələrlə görüşüb

Oktyabrın 17-də Energetika Naziri Pərviz Şahbazov “Qoşulmama Hərəkatı” və “İslam Əməkdaşlıq Təşkilatı”-na üzv dövlətlərin vətəndaşlarının təhsil qrantı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan Monqolustanlı tələbələr Munksaikhan Munkbayar və Batsaikhan Munkhnaran ilə görüş keçirib.

Qonaqları salamlayaraq onları paytaxt Bakıda görməkdən məmnun olduğunu deyən nazir Pərviz Şahbazov Monqolustan-Azərbaycan əlaqələrindən söz açaraq iki ölkə arasında energetika və Xarici İşlər Nazirlikləri səviyyəsində keçirilən görüşlərdən, iqtisadi əlaqələrdən, energetika sahəsində həyata keçirilən birgə layihələrdən və qarşıda duran planlardan danışıb.  

Öz növbəsində Azərbaycan və paytaxt Bakıda olmağından mənmunluq hissi keçirdiyini bildirən Monqolustanlı tələbələr təhsil qrantı çərçivəsində ADNSU-nun Qaz-neft mədən fakültəsində bakalavriatura səviyyəsində təhsili, universitet həyatı haqda fikirlərini bölüşüblər.

Monqolustanlı tələbələri “səfir” adlandıran nazir onların Azərbaycanda təhsil almaları ilə iki ölkə arasında siyasi, iqtisadi eyni zamanda mədəni sahədə əlaqələrin möhkəmləndirilməsi işinə böyük töhvə verəcəklərinə əmin olduğunu deyib.

 “Qoşulmama Hərəkatı” və “İslam Əməkdaşlıq Təşkilatı”-na üzv dövlətlərin vətəndaşlarının təhsil qrantı çərçivəsində ADNSU-da Monqolustanlı tələbələrlə yanaşı Ekvador, Pakistan, Yəmən, Keniya və Mozambikdən bakalavriatura, magistratura və doktorantura təhsil pillələrində təhsil aldıqlarını nazirin diqqətinə çatdıran Əcnəbi Tələbələr Dekanlığının əməkdaşı Emil Abdurəhmanov əcnəbilərin təlim-tədris prosesi, yaşam şəraitləri, asudə vaxtlarının səmərəli keçirilməsi və s. üçün görülən işlər haqda məlumat verib.

Sonda xatirə şəkli çəkilib.