Card image cap

ADNSU-nun rektoru Aberdin Universitetinin Mühəndislik Məktəbinin direktoru ilə görüşüb

Noyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Böyük Britaniyanın Aberdin Universitetinin Mühəndislik Məktəbinin direktoru, professor İqor Quz ilə görüşüb.

Əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə rektor, professor M.Babanlı ADNSU-nun tarixi, fakültələri və görülən işlər barədə qonağa ətraflı məlumat verib. Elmi layihələrin həyata keçirilməsi, o cümlədən tələbə və professor-müəllim heyətinin mübadiləsi istiqamətində genişmiqyaslı əməkdaşlıq üçün hər cür imkanların olduğunu diqqətə çatdıran rektor M.Babanlı həmçinin mühəndislik ixtisası üzrə birgə layihələrin reallaşdırılmasının əhəmiyyətindən danışıb.

Qonaqpərvərliyə və dəvətə görə rektor, professor M.Babanlıya təşəkkürünü bildirən professor İ.Quz uzun illərdən sonra yenidən Azərbaycanda olmaqdan məmnun olduğunu deyib. Dünyanın bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq etdiklərini vurğulayan İ.Quz ADNSU ilə də mühəndis ixtisasları üzrə birgə layihələrin həyata keçirilməsi və ikili diplomlar üzrə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. İ.Quz dünyada yeni trend kimi yayılan “Enerji ötürülməsi” ilə bağlı ADNSU ilə birgə proqramların işlənməsini də mühüm hesab edib.

Daha sonra qonaq ADNSU-nun tarix muzeyində olub, universitetin tarixi haqqında məlumat alıb və eksponatlarla tanış olub.