Card image cap

ADNSU-da “Vətən məndən başlanır” adlı sosial layihənin təqdimatı keçirilib

Noyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən məndən başlanır” adlı sosial layihənin ilk təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, millət vəkilləri, şəhid ailələri, qazilər, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan “ZƏFƏR” İB-nin sədri, şəhid polkovnik-leytenant Raqub Orucovun həyat yoldaşı Sevinc Orucova çıxış edərək “Vətən məndən başlanır” devizi ilə gənclər arasında vətənpərvərlik və dövlətçilik ideologiyasının təbliğ olunmasından və gənclərin öhdəsinə düşən vəzifələrdən danışıb.

ADNSU-nun Tədris İşləri üzrə prorektoru, dosent Qasım Məmmədov çıxışında azərbaycançılığı təbliğ edən belə bir layihənin ilk təqdimatının məhz ADNSU-da keçirilməsinin qürurverici olduğunu deyib. Q.Məmmədov həmçinin, vətənin azadlığı uğrunda şəhid olan qəhrəmanların ömür yolununun hər bir gəncə örnək olduğunu deyib.

Tədbirdə çıxış edən tarixçi alim Firdovsiyyə Əhmədova da vətən sevgisinin gənclərə aşılanmasının əhəmiyyətindən danışaraq tarixi həqiqətlərin üzə çıxarılmasında, ərazi bütövlüyümüzün qorunub saxlanmasında, işğal olunmuş ərazilərin qaytarılmasında və eyni zamanda ölkənin gələcək  inkişafına nail olunmasında məhz intellektual gənclərə ehtiyac olduğunu bildirib.

Şəhidliyin ali dəyər olduğunu deyən Millət vəkili Qənirə Paşayeva çıxışında hər bir fərdin, xüsusən də gəncin Vətən naminə üzərinə düşən məsuliyyətinin fərqində olması və daha yaxşı Azərbaycan üçün vətənpərvər olmaqla yanaşı, həm də savadlı və bilikli olmasının zəruru olduğunu vurğulayıb.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı gənclər arasında vətənpərvərliyin düzgün təbliği istiqamətində bu cür sosial müzakirələrin xüsusi rolunu qeyd edərək gənclərin vətənə və xalqa xidmətdə mühüm öhdəliklərindən danışıb və şəhid ailələrinə hər zaman diqqət və dərin ehtiramın olduğunu qeyd edib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırlıb.