Card image cap

ADNSU-da Tələbələrin 68-ci Elmi-texniki Konfransı işinə başlayıb

Dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim Saleh Qocayevin anadan olmasının 120 illiyinə həsr olunmuş Tələbələrin 68-ci Elmi-texniki konfransı öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov Tələbələrin 68-ci Elmi-texniki konfransının gənclərin elmi potensiallarının üzə çıxarılması baxımından əhəmiyyətini vurğulayaraq tələbələrin bu cür konfranslarda iştirakının vacibliyini qeyd edib. Tələbələrin universitetdə  elmi tədqiqat işlərinə cəlb olunması üçün yaradılan şəraitdən söz açan Q.Məmmədov onların vaxtlarını elmi araşdırmalara sərf etməsini yüksək dəyərləndirib və bütün iştirakçılara uğurlar arzulayıb.

ADNSU-nun tarixi haqqında çıxış edən ADNSU-nun Neft-mexanika fakültəsinin (NMF) Elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov görkəmli alim S.Qocayevin həyatı və fəaliyyəti haqqında təqdimatla çıxış edib. 

Sonda konfransın bölmələr üzrə keçiriləcək panel iclaslarının tarixini açıqlayan ADNSU Tələbə Elmi Cəmiyyətləri Şurasının  sədri, Elviz İsmayılov konfrans üçün 300 məruzəçinin seçildiyini deyib. Bu il, məruzəçilər arasında ötən illə müqayisədə magistrantların çoxluq təşkil etdiyini deyən E.İsmayılov onlardan 211 nəfərin magistr, 89 nəfərin isə bakalavr olduğunu diqqətə çatdırıb. Daha sonra konfrans paralel bölmələrdə öz işini davam etdirib.

ADNSU-nun rektoru, professor Mustafa  Babanlı müxtəlif bölmələrdə iştirak edərək, tələbələrin çıxışlarını dinləyib, öz tövsiyə və iradlarını bildirib.

Qeyd edək ki, Tələbələrin 68-ci Elmi-texniki konfransının bağlanış mərasimi dekabrın 16-da olacaq.