Card image cap

ADNSU-da ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib

Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ulu öndər H.Əliyevin həyat və fəaliyyətini əks etdirən video sujet nümayiş olunub.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı dahi şəxsiyyət Heydər Əliyevin  şərəfli həyat yolundan və fəaliyyətindən söz açaraq ulu öndərin Azərbaycanın müstəqillik qazanmasında, eyni zamanda ölkənin ictimai-siyasi, iqtisadi və digər mühüm sahələrindəki əvəzsiz və unudulmaz rolundan bəhs edib.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Heydər Əliyevin Azərbaycan dövləti və dövlətçiliyindəki tarixi xidmətlərindən danışıb. Bildirib ki, ölkədə siyasi sabitliyin bərpa olunmasından tutmuş Azərbaycanının bu gün abad və güclü bir dövlət səviyyəsinə yüksəlməsinə qədər əldə etdiyi bütün nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin ideyaları, gələcəyə hesablanmış siyasi kursu dayandır.

ADNSU-nun kafedra müdiri, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov çıxışında  dahi şəxsiyyətin həyatından söz açaraq ulu öndərin milli dəyərlərə bağlı əsl lider kimi yaddaşlarda daim yaşayacağını qeyd edib, onun həyatının və vətənə bağlılığının gənc nəsilə hər zaman örnək olduğunu vurğulayıb.