Card image cap

ADNSU-nun rektoru vyetnamlı nümayəndələrlə görüşüb

Dekabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı  Vyetnam Milli Televiziyasının nümayəndə heyəti ilə görüşüb.

          Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor M.Babanlı Vyetnamla Azİİ arasında hər zaman mövcud olan sıx əlaqələrdən və burada təhsil alan vyetnamlı tələbələrdən danışıb. Universitetdə bu vaxta  kimi 3000-ə yaxın vyetnamlı tələbənin təhsil aldığını diqqətə çatdıran rektor M.Babanlı hazırda ADNSU-da 102 bakalavr, 4 magistr və 30 vyetanmlı doktorantın təhsil aldığını qeyd edib. ADNSU-nun 100 illiyi çərçivəsində görüləcək işlərdən və yeni layihələrdən bəhs edən rektor bu layihələrə vyetnamlı tələbə və məzunların da dəvət olunacağını vurğulayıb.

           Səmimi qəbula görə rektor Mustafa Babanlıya təşəkkür edən Vyetnam Milli Televiziyasının rejissoru Nguayen Hoang Long Azərbaycan və Vyetnam arasındakı dostluq münasibətlərinin yaranmasında bu universitetin də böyük xidmətlərinin olduğunu deyib.  Hazırda Vyetnamda yüzlərlə Azİİ məzunu olduğunu deyən Nguayen Hoang Long onların əksəriyyətinin Vyetnamda yüksək vəzifələrdə çalışdıqlarını diqqətə çatdırıb. Azərbaycanla bağlı bədii film çəkildiyini deyən vyetnamlı rejissor filmin çəkilişlərinin ilk olaraq ADNSU-dan başlanacağını bildirib.

            Sonda vytenamlı televiziya nümayəndələri rektor M.Babanlıdan müsahibə alıb və universitetin tarix muzeyində olublar.