Card image cap

ADNSU-nun rektoru Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə universitetin bir neçə fakültə və şöbəsində olub

Dekabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə universitetin bir neçə fakültə və şöbəsini ziyarət edib.

Rektor, professor M.Babanlı professor-müəllim heyəti ilə birgə Energetika, İqtisadiyyat və Menecment, Kimya-texnologiya fakültələri və Magistratura şöbəsində  olub və bütün kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, onlara öz fəaliyyətlərində uğurlar arzu edib.

2019-cu ili universitet üçün səmərəli illərdən biri kimi dəyərləndirən rektor M.Babanlı cari ildə görülən işlərdən, həyata keçirilən islahatlardan və əldə olunan nailiyyətlərdən danışıb. ADNSU-nun Milli tədqiqat universiteti olmağı hədəflədiyini deyən rektor M.Babanlı növbəti ildən tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, laboratoriyaların yenilənməsi, maddi-texniki bazanın zənginləşdirilməsi, keyfiyyətlə bağlı nəticələrin daha da yüksəldilməsi istiqamətində daha böyük addımların atılacağını bildirib.

Rektor M.Babanlı elmi və tədqiqat işləri ilə bağlı da universitetdə nəzərəçarpan irəliləyişlərin olduğunu deyib və ötən illərlə müqayisədə ciddi elmi yeniliklərin olduğunu vurğulayıb. Rektor həmçinin mövcud problemlərin və tədrisdəki bəzi çatışmazlıqların da tam aradan qaldırılacağını sözlərinə əlavə edib.

Qarşıdan gələn 2020-ci ilin ADNSU-nun tarixində xüsusi il olduğunu deyən rektor, universitetin 100 illiyinə xüsusi olaraq hazırlıqların görüldüyünü deyib və yubiley çərçivəsində planlaşdırılan layihələrdən söz açaraq universitetdə bütün istiqamətlərdə yeniliklərin gözlənildiyini vurğulayıb.

ADNSU-nun fakültə dekanları bayram təbrikinə görə rektor M.Babanlıya təşəkkür edərək tədrisin keyfiyyətinin artırılması yönündə 2019-cu ildə universitetdə həyata keçirilən islahatları yüksək qiymətləndirib və bu işlərin uğurla davam etdirilməsi üçün əllərindən gələni edəcəklərini deyiblər.

Sonda rektor M.Babanlı universitetin bütün əməkdaşlarını,  professor-müəllim heyəti və tələbələri bir daha təbrik edərək yeni ildə bol uğurlar arzulayıb.