Card image cap

UFAZ-da ADNSU, Unistra, Fransanın Azərbaycandakı səfirliyi, Total E&P Absheron şirkəti, Paşa Bank ASC arasında Memorandumlar imzalanıb

Yanvarın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Total E&P Absheron şirkəti– Strasburq Universiteti (Unistra)- UFAZ və Paşa Bank ASC- Strasburq Universiteti (Unistra)- UFAZ arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirməsi çərçivəsində rəsmi Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Total E&P Absheron şirkətinin prezidenti Regis Agut və PAŞA Bank ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov, UFAZ nümayəndə heyəti, tələbələr eləcə də media mənsubları iştirak edib.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ-ın çoxsaylı tərəfdaşları olduğunu və UFAZ layihəsinin uğurlarında bu tərəfdaşların dəstəyinin xüsusi rol oynadığını bildirib. Cari tədris ilində UFAZ-dan 125 nəfərin məzun olacağını deyən rektor, M.Babanlı tərəfdaşlıq əlaqələrinin tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Strasburq Universitetinin rektoru Mişel Deneken çıxışında müasir universitetlərin elm, tədris və sənaye ilə birgə əlaqələr qurmaqda geniş imkanları olduğunu deyib. Bu əməkdaşlığın da universitetlə sənaye arasındakı əlaqələri daha da mökhəmləndirəcəyinə inandığını deyən M.Deneken qlobal layihələrin məhz böyük əməkdaşlıqların nəticəsində yarandığını qeyd edib.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros isə çıxışında qeyd edib ki, Total, PAŞA Bank və Fransa səfirliyi ilə UFAZ arasındakı bu memorandumlar sayəsində UFAZ-dan ən yaxşı tələbələr seçilib Fransada təhsillərini davam etdirmək imkanı qazanacaq və bununla yanaşı onların biznes və sənayeyə uğurlu inteqrasiyasına da öz təsirini göstərəcək. 

Tələbələrin şirkətlərlə əlaqələrinin önəmindən danışan Total E&P Absheron şirkətinin prezidenti R.Agut rəhbərlik etdiyi şirkətin UFAZ tələbələrinə hər zaman dəstək olduğunu və Azərbaycanda gənclərin ixtisaslı kadr kimi formalaşmasında bu cür əməkdaşlıqların mühüm rol oynadığını bildirib.

Sonra çıxış edən PAŞA Bank ASC-nin İdarə heyətinin sədri T.Kazımov bu tərəfaşlığın tələbələrin proqressiv və  peşəkar inkişafı üçün faydalı olacağına inandığını deyib.

Görüşdə eyni zamanda Total E&P Absheron şirkəti ilə Fransa səfirliyi arasında da rəsmi Anlaşma Memorandumu imzalanıb. Bu anlaşmanın Total E&P Absheron, eləcə də UNISTRA-UFAZ əlaqələrini daha da möhkəmləndirəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu il iyulun 17-də Total Fransa ofisinin Ümumi Təhsil İnkişafı üzrə direktoru Jan-Klod Heidmann və Beynəlxalq Proqramlar üzrə koordinatoru Christelle Lavalou UFAZ-da olub. UFAZ rəhbərliyi ilə görüşən nümayəndələr Total şirkətinin hər il Fransadakı magistr proqramları üçün nəzərdə tutduğu təqaüd imkanları haqqında danışıb. Hazırda UFAZ tələbələri də təqaüd üçün keçirilən müsabiqədə öz iştirakını aktiv şəkildə davam etdirir. Total təqaüdünü qazanacaq tələbələrin bir neçəsi səfirlik tərəfindən Fransa hökümətinin təqaüdçüsü adına layiq görüləcək və bu onlara Fransada təhsil alacaqları müddətdə daha da fayda verəcəkdir.