Card image cap

ADNSU-da 20 Yanvar hadisələrinin 30-cu ildönümü qeyd olunub

Yanvarın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və 1990-cı il yanavarın 20-də şəhid olan Azİİ tələbələrinin valedeyinləri əvvəlcə şəhidlərimizin universitetdə olan baralyefləri önünə gül dəstələri qoyublar. Sonra anım mərasimi dəyirmi masa ətrafında davam edib.

Rektor Mustafa Babanlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Bildirib ki, həmin müdhiş gecədən 30 il keçsə də, xalqımızın, Azərbaycan dövlətinin şəhidlərimizə, onların ruhuna olan məhəbbəti dəyişməzdir. Çünki biz vətənimizi, onun övladlarını sevirik. O, qeyd edib ki, biz müharibəyə ölmək üçün yox, Vətənimizi, torpağımızı müdafiə etmək, düşməndən azad etmək üçün gedirik,  ona görə də zəfər bizim olacaqdır.

Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev çıxışında bildirib ki, biz şəhdilərimizi hər zaman uca tutduğumuz kimi, şəhidlərimizin ailə üzvləri də Azİİ ailəsini öz ailə üzvləri hesab edir. O, gənclərə vətənpərvərlik duyğularının aşılanması üçün həm də savadlı tələbələr yetişdirməyin vacib olduğunu qeyd edərək vətəni sevməyin, şəhidlərimizin ruhuna, onların varislərinə dərin ehtiram göstərməyin hər birimizin borcu olduğunu deyib.

Şəhid valideynləri və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, o cümlədən ADNSU-nun rəhbərliyinə minnətdarlığını bildiriblər. Qeyd ediblər ki, övladlarımız da bizimdir, Vətən də bizimdir. Onlar öz Vətənlərinin müdafiəsi, suverenliyi uğurunda şəhid olub əbədi zirvəyə ucalıblar.