Card image cap

ADNSU-da Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Aprelin 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XVIII əsrin görkəmli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunan tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən keçirilən tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, universitetin professor-müəllim heyəti, eləcə də tələbələr iştirak edib.

ADNSU-nun rektoru, professor M.Babanlı prezident İlham Əliyevin görkəmli Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncamını şairin yaradıcılığının təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Ədəbiyyat sahəsi ilə yanaşı ictimai sahədə də şairin mühüm işlər gördüyünü söyləyən rektor M.Babanlı bildirib ki, tələbələr M.P.Vaqiflə yanaşı Nizami Gəncəvi, Məhəmməd Füzuli, M.F.Axundov, C.Məmmədquluzadə, Heydər Əliyev kimi dahi şəxsiyyətləri olan xalqın nümayəndələri olduqlarını bilməlidir. 

Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Rüstəm Kamal M.P.Vaqifin poeziya dünyası, yaradıcılıq üslubu, həmçinin diplomatik təcrübəsi, bölgədəki ictimai-siyasi proseslərə təsir imkanları, saraydaxili münasibətlərdə ədalətli və qətiyyətli mövqeyi barədə danışıb. Onun  nikbin duyğular şairi olduğunu qeyd edən ədəbiyyatşünas şairin yaradıcılığında məhəbbətin, dünyəvi gözəlliyin, ən əsası da qadın gözəlliyinin əsas yer tutduğunu bildirib. M.P.Vaqifin  ənənələri ilə seçilən ədəbi məktəb yaratdığını qeyd edən R.Kamal onun bənzərsiz poeziya nümunələrinin Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına böyük təsir göstərdiyini vurğulayıb. Azərbaycanın təhsil brendi olan bir tədris müəssisəsində, texniki yönümlü ali məktəbdə ədəbiyyat haqqında danışmağın olduqca məsuliyyətli olduğunu qeyd edən R.Kamal nitqini “biz bu gün təkcə ədəbiyyatın deyil, həm də ölkənin tarixi haqqında danışırıq. Çünkü əslində ədəbiyyatın tarixi elə millətin tarixidir” fikri ilə tamamlayıb.