Card image cap

Macarıstan səfirliyinin nümayəndə heyəti ADNSU-da olub

Fevralın 27-da Macarıstan səfirliyinin nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

ADNSU-nun Tarix muzeyi, laboratoriyaları və auditoriaları ilə tanış olduqdan sonra nümayəndə heyəti ilə universitetin professor müəllim-heyəti və tələbələrlə görüş keçirilib.

ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova qonaqları universitetdə salamlayaraq görşün məqsədi haqqında məlumat verib.

Macarıstanda təhsil, oradakı ali təhsilin keyfiyyəti, azərbaycanlı tələbələr üçün təqdim olunan imtiyazlar və eləcə də Azərbaycanla əməkdaşlıq əlaqələri haqqında video təqdimatla çıxış edən Macarıstan səfirliyinin ikinci katibi, Mədəniyyət və təhsil üzrə nümayəndə Mihay Qruber ADNSU ilə əməkdaşlıqda və tələbə mübadiləsində maraqlı olduqlarını diqqətə çatdırıb.

ADNSU-nun Beynəlxalq Əməkdaşlıq şöbəsinin əməkdaşı Leyla Nağıyeva universitet, beynəlxalq əməkdaşlıq, tələbə mübadiləsi proqramları və eləcə də mövcud layihələr barədə ətraflı məlumat verib.

Sonra ADNSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekan müavini Natiq Məmmədov universitetdə təhsil alan əcnəbi tələbələr, onlar üçün yaradılan tədris şəraiti, eləcə də mübadilə proqramlarından danışıb.

Görüşün sonunda iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanları və mübadilə proqramları haqqında müzakirələr aparılıb, tələbələri və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.