Card image cap

ADNSU-nun rektoru Alkala universitetində təlimlərdə iştirak edəcək müəllimlərlə görüşüb

Fevralın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Erasmus+ Beynəlxalq Kredit Mobilliyi çərçivəsində İspaniyanın Alkala Universitetində təlimlərə qatılacaq ADNSU müəllimləri ilə görüşüb.

ADNSU ilə xarici universitetlərin əməkdaşlıq əlaqələrindən və mövcud mübadilə proqramlarının əhəmiyyətindən danışan rektor, professor M.Babanlı universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsinin, maddi-texniki bazanın yaxşılaşdırılmasının, eyni zamanda müəllimlərin hazırlıq səviyyəsinin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Erasmus +” mübadilə proqramının tələbə və müəllimlərin xaricdə təcrübə keçməsinə və eləcə də öz təcrübələrini bölüşməsinə imkana yaradan mühüm platforma olduğunu diqqətə çatdıran rektor M.Babanlı həmçinin müəllimlərin Alkala universitetində diqqət yetirməli olduğu sahələrdən bəhs edib və öz tövsiyələrini verib.

Qeyd edək ki, ADNSU-nun 6 nəfərdən ibarət müəllim heyəti “Erasmus+” mübadilə proqramı çərçivəsində martın 8-dən aprelin 24-dək İspaniyanın Alkala Universitetində təcrübə mübadiləsində iştirak edəcəklər. Ümumilikdən Azərbaycandan müxtəlif universitetlərdən 10 nəfər müəllim proqramda iştirak şansı qazanıb.