Card image cap

ADNSU-da ilk “DAAD-Alumni Simpoziumu” keçirilib

Fevralın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Alman Akademik Mübadilə Xidməti (DAAD) təqaüdçülərinin ilk Simpoziumu (DAAD-Alumni Symposion) keçirilib.

Azərbaycandan olan DAAD təqaüdçüləri ilə tanışlıq və onları bir araya toplayaraq şəbəkələşməni təmin etmək, eləcə də onlarla iş imkanlarını müzakirə etmək məqsədilə keçirilən simpoziumda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Almaniya Federativ Respublikasının səfirinin müavini  Andrea Sühl, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq Əlqaələr şöbəsinin sektor müdiri Müjdət Həsənov, həmçinin Avropanın təhsil sahəsində fəaliyyət göstərən nümayəndələri və Azərbaycandan olan DAAD məzunları  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, DAAD məzunu professor M.Babanlı Almaniya ilə Azərbaycan arasındakı təhsil əlaqələrindən danışıb və artıq 20 ildir ki, fəaliyyət göstərən DAAD-nin Azərbaycanlı gənclərə yaratdığı imkanlardan söz açıb. DAAD-nin təhsilə verdiyi töhfələri yüksək qiymətləndirən rektor M.Babanlı bu proqramın gənclərə böyük dəstək olmaqla yanaşı, həm də Avropa təhsil strukturunun öyrənilməsindəki əhəmiyyətini qeyd edib.

Almaniya səfirinin müavini A.Sühl çıxışında DAAD-nin fəaliyyətindən danışıb və təqaüdçülərin şəbəkəsinin yaradılmasını yüksək qiymətləndirərək simpoziumun mühüm əhəmiyyət daşıdığını deyib.

Təhsil Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin sektor müdiri M.Həsənov DAAD ilə təhsil nazirliyi arasındakı əlaqələrdən danışıb. Azərbaycanda 400-dən artıq DAAD məzunu olduğunu deyən M.Həsənov həmin gənclərin hazırda bir çox dövlət və özəl müəssisələrdə yüksək vəzifələrdə çalışdıqlarını bildirib. Bu gün də azərbaycanlı gənclərin DAAD-nin imkanlarından faydalandıqlarını deyən M.Həsənov artıq gənclərin Almaniyada doktorantura təhsilinə də cəlb oluna biləcəklərini qeyd edib.

DAAD Bakı Məlumat Mərkəzinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Hikmət Kamallı DAAD-nin Azərbaycandakı fəaliyyəti haqqında təqdimatla çıxış edərək, təqaüd imkanları və Almaniyada ali təhsil barədə qısa məlumat verib.

Sonra DAAD-nin Bonn Mərkəzindən məzunlarla iş şöbəsinin nümayəndəsi Kristina Şaar və digər ölkələrin nümayəndələrinin “Alumni fəaliyyəti” haqqında məruzələri dinlənilib.

Simpoziumun ikinci hissəsində alumnilərin ehtiyacları, birgə fəaliyyət imkanları, həmçinin alumni fəaliyyətinin  hüquqi şərtləri üzrə qruplarla iş aparılıb.

Qeyd edək ki, DAAD Almaniya tərəfindən dəstəklənən Alman ali təhsil müəssisələrinin birgə qurumudur. Şəbəkə 60-dan çox ölkədə 15 xarici nümayəndəlik, 57 məlumat mərkəzi  və 450-yə yaxın lektor və mütəxəssilərlə  təmin olunur.