Card image cap

ADNSU tələbələri SOCAR Polymer şirkətinin nümayəndələri ilə görüşüb

Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR Polymer şirkətinin nümayəndələri tələbələrlə görüş keçirib. Görüşdə SOCAR Polymer şirkətinin fəaliyyəti və görülən işlərdən bəhs edən tanıtım sujeti nümayiş olunub.

Sonra tədbirdə SOCAR Polymer şirkətinin nümayəndələri 2017-ci il “Yay təcrübəsi proqramı”nın təqdimatını ediblər. SOCAR Polymer-in nümayəndələri Aylar Mustafayeva, Afaq İsmayılova, Mətin Hüseynli təmsil etdikləri müəssisə haqqında geniş məlumat verib, yay təcrübə proqramı ilə bağlı ətraflı müzakirələr aparıblar.

SOCAR Polymer-in Təlim və İnkişaf üzrə mütəxəsisi Afaq İsmayılova Yay təcrübə proqramının qəbul qaydaları, seçim turları, tələbələrin biliklərinin yoxlanması üçün təşkil olunan imtahanlar və tələb olunan keyfiyyətlər haqqında təqdimatla çıxış edib. Bildirilib  ki, iyunun ortalarında start veriləcək yay proqramı layihəsi ötən ildən fərqli olaraq 12 həftə davam edəcək. Həmçinin qeyd edilib ki, təcrübə proqramına Azərbaycan vətəndaşı olan 3-cü və 4-cü kurs tələbələri və məzunlar müraciət edə bilər. Təcrübə yerli və xarici mütəxəssis tərəfindən aparılacaq, tələbələr bir sıra test tapşırıqlarından və imtahanlardan keçəcək, sonda isə layihəni uğurla bitirən tələbələrə sertifikatlar veriləcək.

Tədbirin sonunda  nümayəndələr tələbələrin suallarını cavablandırıb və müzakirələr aparılıb.