Card image cap

ADNSU-nun rektorluğunun 30 aprel terror aktının 11-ci ildönümü ilə bağlı müraciəti

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorluğu 2009-cu il aprelin 30-da ali məktəbdə törədilmiş və 12 nəfərin həlak olması və 13 nəfərin də ağır xəsarət alması ilə nəticələnmiş qanlı terror aktının 11-ci ildönümü ilə əlaqədar terror qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. 

Kökü XIX əsrin sonlarında radikal erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına gedib çıxan, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərinə qarşı yönələn erməni terrorizminin növbəti mərhələsi ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycana qarşı elan olunmamış müharibənin başlandığı dövrə təsadüf edir. Erməni terrorunun sonuncu dalğası Ermənistanın xasusi xidmət orqanlarının birbaşa iştirakı ilə və ardıcıllığı ilə səciyyələnirdi və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq məqsədi daşıyırdı. Əsas hədəf kimi dəmiryolu qatarlarını, sərnişin avtobuslarını və avtomobilləri seçən terrorçular bu əməllərini hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc sakinlərə qarşı törədirdilər. 

2009-cu il aprelin 30-da ADNA-da törədilmiş terror aktı ilə bağlı istintaq araşdırması nəticəsində qətliyamın Ermənistanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədildiyi təsdiqini tapmışdır. Bu terror aktını digərlərindən fərqləndirən başlıca xüsusiyyət onun Azərbaycan Respublikasının düşünən beyinlərini – alimləri və gənclərini, ölkənin gələcəyini hədəf alması idi. Həmin gün həlak olan müəllimlər sahib olduqları zəngin elmi-pedaqoji potensiallarını minlərlə gəncə ötürəcəkdilər. Tələbə yoldaşlarını qorumaq üçün silahlı terrorçuya əliyalın şəkildə müqavimət göstərərək həlak olan gənclər isə respublikanın insan kapitalını zənginləşdirəcəkdilər. Həmin dəhşətli gün bir nəfər də olsa tələbə qızın burnu belə qanamamlşdı - bu, terrora qurban gedən tələbələrimizin milli ruhda tərbiyə olunmasının, mərdlik və cəsarətlərinin nümayişi idi.

Bir neçə ildir ki, ADNSU-nun ikinci tədris binasının foyesində 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş barelyef quraşdırılıb. Həmin barelyef gündəlik olaraq onun önündən keçən minlərlə tələbəyə 11 il əvvəl bu təhsil ocağının divarları arasında yazılmış qəhrəmanlıq salnaməsini xatırladır, xatrlatmaqla da kifayətlənmir. Bu abidə minlərlə tələbə üçün yaxşı oxumaq, Vətənə layiqli övlad olmaq üçün and yeridir. 

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi bu il ənənəvi olaraq 30 aprel terror qurbanlarının ailə üzvlərinin, tələbə yoldaşlarının, müəllimlərin iştirakı ilə geniş anım tədbirini keçirməyə imkan verməsə də, həmin abidə bu gün də ziyarət olundu, onların ruhları yad edildi və yenə də and yeri oldu. Biz müəllim, tələbə və nəhayətində adi vətəndaş olaraq həyatımızı, təhsilimizi, iş fəaliyyətimizi elə qurmalıyıq ki, doğma Vətənimizin stabilliyinə, onun inkişafına, xalqımızın rifah halının daha da yüksəlməsinə töhfə vermiş olaq. Yalnız bu halda biz 11 il əvvəl həlak olmuş müəllim həmkarlarımızın və tələbələrimizin ruhları qarşısında borcumuzu yerinə yetirmiş olarıq. 

Bir daha 30 aprel 2009-cu ildə törədilmiş terror aktı qurbanlarının doğmalarına və yaxınlarına dərin hüznlə bağsaığı verir və onların xatirəsinin əbədi olaraq yaşayacağını bildiririk. Allah rəhmət eləsin!