Card image cap

UFAZ-da ilk dəfə magistraturaya qəbul imtahanı keçirilib

İyunun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2020/2021-ci tədris ili üçün ilk dəfə magistratura pilləsi üzrə qəbul imtahanı keçirilib.

Bu il ilk dəfə keçirilən imtahanda müxtəlif universitetlərdən ümumilikdə 171 tələbə qeydiyyatdan keçib və onlardan 151 tələbənin namizədliyi təsdiq edilib.  Namizədlərin 60-ı UFAZ tələbəsi, digər 91-i isə Azərbaycanın müxtəlif universitetlərinin məzunlarıdır.

İmtahan Koronavirus (Covid-19) pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş bütün zəruri göstərişlər nəzərə alınaraq keçirilib. Belə ki, tələbələr maskada, gigiyena qaydaları və sosial məsafə gözləbilərək, eləcə də hərarətləri ölçülərək UFAZ-a daxil olublar. İmtahan otaqlarında tələbələrin əyləşməsi də sosial məsafə gözlənilərək təmin olunub.

İmtahanda iştirak üçün qeydiyyatdan keçmiş, lakin Bakı şəhərindən kənarda olan 35 nəfər tələbə Bakı şəhərinə gəlmək üçün müvafiq icazə ilə təmin olunublar.

150 dəqiqə davam edən imtahanda tələbələr 3 ixtisas (Kimya Mühəndisliyi/ Fiziki Kimya, Tətbiqi Kompüter Elmləri (Big Data və Süni Zəka) və Yer Elmləri ixtisasları) üzrə ingilis dilində verilən sualları cavablandırıblar.

İmtahanın ilkin nəticələri iyunun 11-də elan olunacaq.

İmtahanın nəticəsindən razı qalmayan tələbələr iyunun 12-də appelyasiyaya müraciət edə bilər.

UFAZ-ın magistratura pilləsinə uğurla imtahan verən və burada təhsil almaq niyyətini təsdiqləyən gənclərin ümumi təsdiq edilmiş siyahısı iyunun 16-da Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə təqdim ediləcək və siyahıda olan gənclər digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər.

UFAZ-ın magistratura pilləsinə imtahan verən, lakin uğur əldə edə bilməyən gənclər DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 60-dan artıq bal toplayan hər kəs UFAZ-ın magistratura proqramlarına müraciət etmək hüququna malik idi.  Magistratura proqramı üçün UFAZ-ın qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirməyəcəklər.

Magistratura proqramı üçün ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir. UFAZ-ın Magistratura pilləsini bitirmiş tələbələr iki dövlət diplomuna yiyələnəcəklər. Beləliklə, tələbələr xaricə getmədən ADNSU ilə bərabər Fransanın ən nüfuzlu universitetlərindən biri olan Strasburq Universitetinin diplomunu ala biləcəklər.

Magistratura üzrə təhsil Fransa təhsil sisteminə uyğunlaşdırılmış formada yüksək ixtisaslı Fransa və Azərbaycan müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfindən aparılacaq.