Card image cap

ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Avqustun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Cisco International Limited şirkətinin Azərbaycan ofisinin icraçı direktoru Ramil Eyyubovla görüşüb.

Təhsil sahəsində informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətini qeyd edən rektror M.Babanlı ADNSU-nin İT-nin tətbiqi baxımından ölkənin qabaqcıl universitetlərindən biri olduğunu bildirib. O son 5 ildə universitetdə ixtisaslı mütəxəssislərin hazırlanmasında elmi potensialla yanaşı, müasir texnoloji nailiyyətlərdən də istifadə olunduğunu qeyd edib. Rektor bu sahədə dünyanın qabaqcılı ölkələrinin təcrübəsinin ADNSU-da tətbiq olunduğunu, bəzi çatışmazlıqlara  baxmayaraq universitetin bu istiqamətdə artıq müsbət nəticələr əldə etdiyini söyləyib.

Cisco International Limited şirkətinin Azərbaycan ofisinin icraçı direktoru Ramil Eyyubov ADNSU ilə əməkdaşlıqda maraqlı olduqların bildirib. O, İT sahəsində kifayət qədər uğur qazanmış dünyaca məşhur Cisco International Limited Şirkətinin yeni proqramları ilə təhsil sahəsində uğur qazandığını qeyd edib.

Müzakirələrin nəticəsi olaraq tərəflər Cisco Şəbəkə Akademiyasının informasiya texnologiyalarının əsasları, proqramlaşdırma dilləri, əşyaların interneti, linux əməliyyat sistemi və digər müvafiq kurslarının universitetin tədris proqramına tətbiq edilməsinə dair razılığa gəliblər. Sonda ADNSU ilə Cisco International Limited şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.