Card image cap

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlının Dövlət Bayrağı Günü münasibəti ilə müraciəti

Əziz tələbələr, Hörmətli həmkarlar!

Bu gün Azərbaycanımızın müstəqilliyi tarixində Dövlət Bayrağı Gününü heç vaxt olmadığı qədər böyük qürur və fəxarət hissi ilə qeyd edirik. Çünki, ilk dəfə olaraq bu il Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətənə hədsiz məhəbbbəti və qanı bahasına üçrəngli bayrağımız son 28 ildə qaldırılmayan doğma torpaqlarımızda – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda və nəhayət, tək Azərbaycanın deyil, bütün Qafqazın incisi və bütün azərbaycanlılar üçün müqəddəs olan Şuşada ucaldıldı. Mən bu münasibətlə hər birinizi ürəkdən təbrik edirəm!

Onlarla xalq və millət üçün Vətən olan Azərbaycan Respublikası həmişə özünün sülhpərvərliyi, etnik və dini tolerantlığı ilə dünya miqyasında nümunə kimi göstərilən ölkə olub.  Lakin tarixin ironiyasına baxın ki, Azərbaycan xalqı özü, doğma torpaqlarında etnik təmizləməyə məruz qaldı. Təqribən 190 il əvvəl doğma yurdumuzda yaşamaları üçün qoynumuzu açdığımız ermənilər torpaqlarımıza göz qoydu, əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan qəsbkarları tərəfindən işğal olundu, 1 milyonadək həmvətənimizin qismətinə qaçqın və məcburi köçkün taleyi yaşamaq yazıldı.

28 il ərzində Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında işğal olunmuş torpaqların azad edilməsi üçün beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan sülh danışıqları uzun illər ərzində heç bir nəticə vermədi. Ermənistan tərəfi torpaqlarımızı azad etmək istəmədi, beynəlxalq vasitəçilər isə ölkəmizin ərazi bütövlüyünün pozulduğunu qəbul etdiklərinə baxmayaraq beynəlxalq hüququn və ədalətin bərpa olunması üçün işğalçıya təzyiq göstərmədilər.

Azərbaycan Respublikasının beynəlxalq vasitəçilərin biganəliyinin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığı barədə dəfələrlə xəbərdaqlıq etməsinə baxmayaraq, təəssüf ki, onlar da uzun illər ərzində Ermənistanla həmrəy olub status-kvonun saxlanması tərəfdarı kimi çıxış etdilər və unutdular ki, cəzasızlıq daha böyük cinayət doğurur.

2020-ci ilin iyulunda Ermənistanın Azərbaycanın Tovuz rayonuna zərbə endirməsi, mülki vətəndaşlar arasında itkilərin və yaralananların olması  bir neçə günlük hərbi əməliyyatlara səbəb oldu. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri, yüksəkrütbəli zabitlərinin həlak olması minlərlə vətəndaşımızın iştirakı ilə Ermənistana tutarlı cavab verilməsi tələbi ilə aksiyaların keçirilməsinə səbəb oldu. Avqust ayında ölkəmizdə Ermənistanın kəşfiyyat-diversiya qrupunun zərərsizləşdirilməsi rəsmi Yerevanın Azərbaycanın yeni torpaqlarını işğal etməsi niyyətini açıq şəkildə ortaya qoydu. Belə bir şəraitdə sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təxribat gerçəkləşdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı.

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi təxribatına qarşı başlayan əks-hücum əməliyyatı xalqımızın iradəsi və birliyi ilə torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda Vətən Müharibəsinə çevrildi. Vətən müharibəsi Azərbaycanın haqq işidir, doğma toraqlarımızın işğal altından azad edilməsi hər bir Azərbaycan vətəndaşı üçün şərəf məsələsidir. Çünki, 10 milyonluq Azərbaycan üçün bir həqiqət vardır – Torpaqdan pay olmaz! Azərbaycanın heç kəsin torpaqlarında gözü yoxdur və öz torpaqlarını da heç vaxt kimsəyə güzəştə getməz!

Azərbaycan Silahlı Qüvvələrinin 45 gündürkü davam edən əks-hücum əməliyyatı nəticəsində torpaqlarımızın böyük bir qismi – şəhərlərimiz, qəsəbə və kəndlərimiz işğaldan azad olunub və bu torpaqlarda yenə də Azərbaycan Bayrağı dalğalanır. Dövlət Bayrağımızın işğaldan azad olunan torpaqlarımızda yenidən dalğalanmasında hər bir vətəndaşımızın töhfəsi vardır. Bu gün cəbhədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları, məzunları və könüllü olaraq tələbələri də döyüşür. Universitetimizin elə əməkdaşı, tələbəsi yoxdur ki, onun ailəsindən, yaxınlarından kimsə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız Vətən Müharibəsində iştirak etməsin. Mən torpaqlarımızın işğaldan azad olunması uğrunda  döyüşlərdə iştirak edən bütün əsgərlərimizin tezliklə qələbə ilə sağ-salamat qayıtmalarını arzu edirəm!

Bu gün bütün Azərbaycan xalqı “Hər şey Vətən üçün!” şüarı ilə səfərbər olunub. Ön cəbhə ilə yanaşı, arxa cəbhədə də bütün varlığımızla Azərbaycan Silahlı Qüvvələrinə dəstək oluruq. Universitetimiz bu işə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürməklə, cəbhədə döyüşən əsgərlərimizə və onların ailələrinə dəstək göstərməklə, tərəfdaşımız olan mindən artıq ali məktəb və elmi mərkəzə Azərbaycanın həqiqətlərini çatdırmaqla, Ermənistanın açdığı informasiya müharibəsində fəal iştirak etməklə töhfə verir. Bu gün bütün Azərbaycan xalqı, o cümlədən 20 mindən artıq professor-müəllim və tələbə heyətinə malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə istənilən an silaha sarılaraq müqəddəs torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştiraka hazırdır. Biz inanırıq ki, torpaqlarımızın hamısının işğaldan azad olunacağı və Azərbaycanın Dövlət Bayrağının həmin torpaqlarda əzəmətlə dalğalanacağı gün çox yaxındadır. Torpaqlarmızın azad olunmasından sonra bizi irəlidə böyük quruculuq işləri gözləyir. Mən inanıram ki, hər bir Azərbaycan vətəndaşı bu nəcib işə öz töhfəsini verəcəkdir!

Əziz tələbələr, Hörmətli həmkarlar!

Sizi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm! Bildiyiniz kimi, Dövlət Bayrağı günü 10 il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə təsis olunub. Buna görə də Sizə ünvanladığım bu müraciəti Azərbaycan torpaqlarının işğalı ilə heç bir zaman barışmayacağını bəyan edən dövlət başçımızın 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimindəki tarixi nitqində verdiyi bəyanatı ilə tamamlamaq istəyirəm: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!".