Card image cap

ADNSU-da payız semestrinin onlayn imtahanlarına start verilib

Yanvarın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) payız semestrinin imtahan sessiyasının onlayn formatda imtahanları keçirilib. İmtahanlar ümumilikdə 229 qrupda  səhər 09:00-da başlayıb və imtahanda bütün tələbələr üçün eyni şərait yaradılıb. Tələbələrə hər sualı 0-10 balla qiymətləndiriləcək beş suallı bilet təqdim olunub. Onlayın imtahanın keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan imtahan zamanı hər hansı bir problem yaranmayıb.

Qeyd edək ki, ölkədə Koronavirus (Covid-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə bütün təhsil müəssisələrində ənənəvi tədris dayandırıldığından onlayn təhsilə start verilib. Ona görə də ADNSU-da tələbələrin imtahana hazırlığı da onlayn formatda təşkil olunub  və imtahan öncəsi tələbələrə müəyyən güzəştlər olunub. Belə ki, aralıq imtahanları payız semestrində keçilməli olan 10 həftəlik tədris proqramı üzrə deyil, tələbələrə real olaraq 5 həftə ərzində keçirilmiş mövzular üzrə baş tutub. Eyni zamanda, tələbələrin verdikləri təqdimatlara (sərbəst işlərə) tələblər də əvvəlki illərdə qoyulan tələblərlə müqayisədə əhəmiyyətli dərəcədə yumşaldılıb. Bundan əlavə, imtahan sualları yalnız tədris olunmuş mövzular üzərində tərtib olunub və çətinliyi artırılmış təqdimat sualları imtahan sualı qismində təqdim olunmayıb.

Onu da qeyd edək ki, bu gün ADNSU-da start götürən onlayn payız imtahan sessiyası fevralın 6-da yekunlaşacaq.