Card image cap

ADNSU-nun Elmi Şurasının növbəti iclası keçirilib

Yanvarın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı onlayn formatda keçirilən iclasda əvvəlcə koronavirus pandemiyası ilə bağlı son vəziyyət, eyni zamanda, ölkədə COVİD-19 pandemiyasının statistikası barədə danışıb. O, ADNSU-da tədrisin mövcud vəziyyətdə də yüksək səviyyədə həyata keçirildiyini deyib.

ADNSU-nun 2021-2030-cu illər üçün qısa, orta və uzunmüddətli inkişaf strategiyasından danışan rektor Mustafa Babanlı bu müddət ərzində universitetin elmi fəaliyyətinin bütün istiqamətlər üzrə inkişafından danışıb. ADNSU-nun tədqiqat universiteti olaraq qarşısında çox böyük bir missiya olduğunu qeyd edərək bu istiqamətdə görüləcək işlər haqqında şura üzvlərinə məlumat verib.  

İclasda ADNSU-nun 2020-2021-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı bəzi məsələlər və statisdik məlumatlar  təhlil olunduqdan sonra ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 2020-2021-ci tədris ilinin yaz semestrində təhsilalanların qiymətləndirlməsi haqqında məlumat verdib. Magistraturanın dekanı, dosent Əzizağa Qurbanov ADNSU-da magistr hazırlığının vəziyyəti, Doktorantura şöbəsinin müdiri, professor Lətafət Qardaşova ali təhsilin doktorantura səviyyəsində tətbiq ediləcək yeniliklər barədə, assistent Elviz İsmayılov Startap və İnnovasiya Mərkəzi haqqında məlumat veriblər, həmçinin Energetika fakültəsinin illik hesabatı təsdiq olunub.

Elmi Şuranın iclasında professor Mustafa Babanlı ADNSU-nun professor-müəllim heyətindən 53 nəfərə veriləcək əlavə maaşların ötən ilkinə nisbətən yüksək olduğunu deyib. Qeyd edib ki, əməkdaşlarımızın elmi fəaliyyətinə görə qiymətləndirilməsi mexanizmi xeyli təkmilləşib, elmi nəticələr də yüksəkdir. Bildirilib ki, müəyyən olunmuş meyarlara uyğun olaraq ən aşağı əlavə maaş həddi 189, ən yüksək əlavə maaş həddi 1120 manat təşkil edir.

Gündəliyə uyğun olaraq islasda universitetin Tərbiyə İşləri üzrə prorektor, dosent Ata Babayev “YAŞAT” fonduna ADNSU adından ianələrin keçirilməsi və Vətən müharibəsində şəhid olan məzunlarımızın ailələrinə və qazilərimizə qayğı göstərilməsi işinin təşkili, bu istiqamətdə yaradılmış komissiyanın fəaliyyəti haqqında ilkin hesabat verib.

Sonra gündəlikdə olan digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, professor Mustafa Babanlı görüləcək işlərlə bağlı tapşırıq və tövsiyyələrini verib.