Card image cap

ADNSU ilə “Daşkəsən Dəmir Filiz” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Martın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ilk törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

         Memorandum sənədini “Daşkəsən Dəmir Filiz” MMC-nin Baş direktoru Oqtay Məmmədov və ADNSU-nun rektoru, professor Mustafa Babanlı imzalayıblar.

         Memoranduma əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi üzrə ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur. Bundan başqa, sənəddə universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin şirkətin istehsalat təcrübəsinə cəlb olunması öz əksini tapıb. İstehsalat təcrübəsində seçilmiş tələbələrin elmi tədqiqat və layihələndirmə işlərində təcrübi fəaliyyətə cəlb edilməsi, diplom işləri, elmi işlər və s. üçün tələb olunan mövzuların birgə tərtib edilməsi, o cümlədən fərqlənmiş tələbələrə təqaüd və mükafatların verilməsi də nəzərdə tutulub.