Card image cap

ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib

Martın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının onlayn formatda növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı Elmi Şura üzvlərini salamlayaraq 31 mart - Azərbaycanlıların Soyqırımından danışıb və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rektor, professor M. Babanlı iclasda koronavirus pandemiyası şəraitində dünyada və ölkəmizdə gedən proseslərdən və pandemiyanın statistikasından danışaraq, epidemyanın yayılmasının qarısının alınması istiqamətində görülən tədbirlərin və peyvəndlənmənin təşviq olunmasının vacibliyini vurğulayıb. O, ADNSU-da da bu istiqamətdə günün tələblərinə uyğun işlərin aparıldığını deyib.

Gündəliyə uyğun olaraq ADNSU-da 2020/2021-ci tədris ilinin yaz semestri müddətində həyata keçiriləcək tədbirlər barədə danışan professor M.Babanlı sonuncu kursların istehsalat təcrübəsinə cəlb olunması və laboratoriyalarda praktiki vərdişlərə yiyələnmələri üçün şərait yaradıldığını deyib.

Rektor M.Babanlı ADNSU-nun 2021-2030-cu illər üçün qısa, orta və uzunmüddətli inkişaf strategiyası haqda məlumat verib, ADNSU-nun tədqiqat universiteti kimi nailiyyətlərinin inkişaf etdirilməsi yönündə mövcud problemlərin 1 il müddətində həllini tapacağına ümid etdiyini vurğulayıb. O eyni zamanda çoxprofilli laboratoriyaların və yataqxananın tələbələrin istifadəsinə verilməsinin, minerologiya muzeyinin, kitabxananın genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Universitetdə İT sahənin inkişaf e etdirilməsi haqda danışan rektor M.Babanlı əcnəbi professorları cəlb edərək HPC mərkəzin potensialının tam şəkildə reallaşdırılması istiqamətində işlərin aparıldığını qeyd edib.

Elmi Şuranın iclasında Doktorantura şöbəsinin müdiri, professor Lətafət Qardaşova “2020/2021-ci tədris ilində doktoranturaya qəbulun nəticələri haqqında”, professor Qəhrəman Həsənov “2020-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekun nəticələri haqqında”, Elm və Təhsil Analitik Mərkəzinin direktoru, dosent Ziya Əliyev “ Elmi tədqiqat işlərinin yekunlarını əks etdirən fəaliyyət cədvəli” kimi məsələlər haqqında məlumat veriblər.

Elmi Şuranın gündəliyində duran digər məsələlərə toxunan rektor M.Babanlı ADNSU-da görüləcək hər bir işin yüksək səviyyədə həyata keçməsinin vacibliyini vurğulayıb, müzakirə olunan məsələlər haqqında tövsiyə və tapşırıqlarını verib.