Card image cap

SOCAR-AQŞ Azərbaycan qazma sənayesində növbəti rekorda imza atıb

SOCAR-AQŞ Bulla yatağındakı 6 saylı dərin dəniz stasionar özülündən layihə dərinliyi 5900 m olan 78 nömrəli axtarış quyusunda qazma işlərini uğurla davam etdirir.

Belə ki, Azərbaycan milli qazma sənayesində analoqu olmayan Drillmec HP 3000 at gücünə malik olan yeni nəsil qazma avadanlığından uğurla istifadə edərək uzunluğu 4938 m, ümumi çəkisi havada 530 ton olan 13 3/8” qoruyucu kəmərin quyuya birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olunub.

Bulla-6 saylı dərin dəniz stasionar özülünün Qurğu rəisi Nəriman Mustafayev 78 nömrəli quyuda gedən qazma işləri barəsində öz fikirlərini bölüşərək qeyd edib ki, indiyə kimi dərin quyularda qoruyucu kəmərin endirilməsi bir neçə mərhələdə həyata keçirilməklə yanaşı vaxt itkisi, maliyyə vəsaitinin sərfiyyatı və əlavə risklərlə müşayiət olunub.

Onun sözlərinə görə, milli qazma sənayesində ilk dəfə olaraq, yeni texnika və texnologiyalardan istifadə etməklə dərin quyularda ağır çəkili qoruyucu kəməri birdəfəyə endirmək cəhdi uğurla həyata keçirilib: “Peşəkar qazma briqadamız qoruyucu kəmərin endirilməsi işini uğurla və qısa müddət ərzində həyata keçirmişdir. Əlavə olaraq bildirim ki, semetləmə əməliyyatı da bir mərhələdə uğurla aparılmışdır. Hazırda növbəti seksiyanın qazılmasına hazırlıq işləri görülür. 78 saylı quyunun Məhsuldar qatın VIII horizontuna qazılması planlaşdırılır və növbəti seksiyada biz qazla doyumlu məhsuldar qata daxil olacağıq. Layların litoloji və kollektor xüsusiyyətlərini müəyyən etmək üçün 5-ci, 7-ci və 8-ci horizontlardan süxur nümunələri götürüləcək.

Əminəm ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtda və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək”.