Card image cap

IADC-ın Avropada Əməliyyatlar üzrə Regional Vitse-prezidenti SOCAR-AQŞ-də olub

Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) Avropada Əməliyyatlar üzrə Regional Vitse-prezidenti cənab Jens Hoffmark SOCAR-AQŞ-nin dəvəti ilə aprel ayının 24-dən 28-nə kimi Bakıda rəsmi səfərdə olub.

SOCAR-AQŞ-də keçirilən görüşlərdə cənab Hoffmark Baş direktor Ramin İsayevlə müəssisənin həyata keçirdiyi qazma layihələri, əldə olunmuş nailiyyətlər və işçi personalının təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə bağlı ətraflı fikir mübadiləsi aparıb və müxtəlif təqdimatlarla tanış olub.

SOCAR-AQŞ-nin təşəbbüsü ilə aprel ayının 25-də Four Seasons Otel-də keçirilən IADC-nin Xəzər hövzəsi üzrə Komitəsinin fəaliyyətinin yenidən bərpa olunmasına həsr edilmiş konfransda iştirak edən cənab Jens Hoffmark IADC-nin missiyası, fəaliyyəti və regionlar üzrə Komitələrinin iş prinsipi haqqında ərtaflı məruzə ilə çıxış edib. O, bildirib ki, IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlərlə məşğul olan 1600 üzvü ətrafında birləşdirməklə sənayedə təhlükəsiz və səmərəli qazmanı təmin edən standartların tətbiqində tərəfdaşlara mütəmadi olaraq öz dəstəyini göstərməkdədir. Xəzər hövzəsi üzrə Komitənin fəaliyyətinin bərpa olunması istiqamətində qazma sənayesində tanınmış milli və regional şirkətləri, təhsil müəssisələrini və beyin mərkəzlərinin bir araya gətirilməsinin əhəmiyyətini qeyd edən cənab Hoffmark bu təşəbbüsün irəli sürülməsində və tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərdiyi dəstəyə görə SOCAR-AQŞ rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, konfransda milli və transmilli neft-qaz şirkətlərindən 120-yə yaxın nümayəndə iştirak edib.

Cənab Hoffmark Azərbaycana səfər proqramı çərçivəsində aprel ayının 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub və universitetin rektoru, professor Mustafa Babanlı ilə universitetin tarixi, təhsil siyasəti və gənc kadrların yetişdirilməsi məsələlərinə dair maraqlı fikir mübadiləsi aparıb. Cənab Hoffmark həmçinin universitetin Qaz-neft mədən fakültəsinin tələbələri ilə görüşərək onların suallarını cavablandırıb.

Cənab Hoffmark Azərbaycanda səfərdə olduğu müddətdə sənaye müəssisələrinin inkişafı, ali məktəblərin kadr hazırlığı siyasəti və ümumilikdə respublikada aparılan islahatlardan məmnunluğunu ifadə edərək ilk səfər təəssüratının zəngin və xoş olduğunu vurğulayıb.

Xəzər hövzəsində ilk dəfə olaraq SOCAR-AQŞ ilə başlanan əməkdaşlığın əhəmiyyətini vurğulayan cənab Hoffmark yaxın gələcəkdə İADC-nin beynəlxalq statuslu tədbir və konfranslarının Bakıda SOCAR-AQŞ ilə birgə koordinasiya olunaraq təşkil edilməsi niyyətini açıqlayıb və Azərbaycanı beynəlxalq ictimaiyyətin təcrübə mübadiləsi üçün füsunkar, tolerant, dinamik inkişaf edən və təhlükəsiz məkan olduğunu xüsusilə qeyd edib.