Card image cap

ADNSU rektoru Strasburq Universitetinin nümayəndələri ilə görüşüb

Mayın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Strasburq Universitetinin (Unistra) nümayəndələri ilə görüşüb.

Görüşdə Strasburq Universitetinin Riyaziyyat ve kompüter elmləri departamentinin rəhbəri və UFAZ-ın Strasburq Universitetindəki kordinatoru Pierre Collet, Unistra-nın əmlak və daşınmaz əmlak departamentinin rəhbəri Daniel Jolivalt, Unistra-nın mühəndisi Louis Kappa, UFAZ-ın direktoru Vazeh Əsgərov və UFAZ-ın baş katibi Şarlotta Payen iştirak edib.

ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinin (UFAZ) gələn tədris ilindən köçürüləcəyi tədris binasındakı təmir işləri barədə danışan rektor M.Babanlı fransız tərəfi ilə bəzi texniki məsələləri müzakirə edib.

Pierre Collet rektor M.Babanlı ilə gələn tədris ilindən UFAZ-a tələbə seçimi, gələcəkdə magistratura pilləsinə qəbul, UFAZ-da laboratoriyaların yaradılması və s. barədə danışıqlar aparıb.

Louis Kappa ADNSU-nun UFAZ üçün nəzərdə tutulmuş 3-cü tədris binasında yaradılacaq laboratoriyaların çertyojunu rektor Mustafa Babanlıya göstərib. L.Kappa buradakı laboratoriyaların Strasburq Universitetindəkilərlə eyni olmasına çalışacaqlarını qeyd edib.