Card image cap

ADNSU alimlərinin 40 məqaləsi Web of Science və Scopus konfransda uğur qazanıb

Avqustun 23-24-də Türkiyənin Antalya şəhərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və dünyanın daha bir neçə nüfuzlu ali məktəbinin  - Texas Universiteti(ABŞ), Corciya Dövlət Universiteti(ABŞ), Albert Universiteti(Kanada), Toronto Universiteti(Toronto), Polşa Elmlər Akademiyası, Yaxın Döğu universiteti(Kipr respublikası), Zigen Universiteti(Almaniya) birgə təşkilatçılığı ilə professor Lütfi Zadənin xatirəsinə həsr olunmuş “Süni  intellekt, persepsiya, sözlə hesablama, Soft Kompütinq nəzəriyyəsi və tətbiqi üzrə beynəlxalq konfrans” (ICSCCW -2021 11-th International conference on Theory and Application of Soft computing, Computing with Words, perception and Artificial intelligence)  keçirilib.

ABŞ, Kanada, Rusiya, Türkiyə, Polşa, İspaniya, Serbiya və digər ölkələrin universitetlərinin iştirak etdiyi konfransa təqdim edilən 150 məqalədən 100-ü yerli və xarici rəyçilərin ekspertizasından keçərək seçilib. Konfransda iştirak hüququ qazanmış 100 məqalədən 40-ı ADNSU-nun professor-müəllim heyəti və doktorantları tərəfindən təqdim olunub.

         Oflayn və onlayn formatda keçirilən konfransda ADNSU-nun ümumilikdə 15 nümayəndəsi  - o cümlədən rektor, professor Mustafa Babanlı, BA proqramlarının direktoru, professor Rafiq Əliyev və Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova çıxış edib və məruzə söyləyiblər. ADNSU-nun professor və doktorantlarının məruzələri konfrans iştirakçılarında böyük maraq doğurub. Web of Science və Scopus  bazalarında  yer alan konfransda ADNSU nümayəndələrinin 40 məqaləsinin olması iştirakçılar tərəfindən universitetdə elmin inkişafı istiqamətində aparılan işlərin təzahürü kimi dəyərləndirilib.