Card image cap

ADNSU-nun əməkdaşları “Mentorluq üzrə ixtisaslaşma proqramı”nda fəal iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə keçirilən “Bootcamp”da iştirak ediblər.

ADNSU-nun əməkdaşları - Fuad İbrahimov, Fuad Ağayev, Aysel Sadiqova, Əsmət Əhmədova və Elviz İsmayılov təşkil olunan müxtəlif panel müzakirələrdə və təlimlərdə fəallıq nümayiş etdiriblər. Onlar “İnnovasiyalar Mərkəzi” tərəfindən təşkil olunacaq  praktiki təlimlərdə iştirak etdikdən sonra cari ilin oktyabr ayından başlayaraq universitetin tələbələrinə “Startap mentorları” kimi dəstək göstərəcəklər.

İki gün davam edən tədbirdə “İnnovasiyalar və təhsil: yeni inkişaf yolu” və “Edu-Tech” mövzularında panel müzakirələr keçirilib. Bununla yanaşı, “Hər şey gələcək üçün”, “Startapı necə qurmaq olar?”, “Liderlik bacarıqları”, “Mentorluq, texnika və mexanizmləri” və “İdeya və innovasiya” mövzularında təlimlər keçirilib, universitet rəhbərləri ilə müzakirələr və müxtəlif startaplarla görüşlər təşkil olunub.