Card image cap

ADNSU-da ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkili Aydın Mirzəzadə, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirdə Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasının ildönümü münasibətilə Dağlıq Qarabağ münaqişəsində həyatını itirən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı ulu öndər Heydər Əliyevin yaşadığı şərəfli ömür yolu, Azərbaycan qarşısında gördüyü xidmətlərdən danışıb. Heydər Əliyevin bütün dünyada böyük nüfuza malik siyasi xadim kimi tanındığını deyən rektor M.Babanlı onun həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə ölkəmizin böyük inkişaf yolu keçdiyini qeyd edib.

Ulu öndər Heydər Əliyevin elm və təhsilə xüsusi qayğı ilə yanaşdığını deyən M.Babanlı onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə minlərlə gəncin xaricdə təhsil alaraq yüksək ixtisaslı mütəxəssis kimi vətənə qayıtdığını vurğulayıb.

Millət vəkili Aydın Mirzəzadə ümummilli lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin səylərindən danışan Aydın Mirzəzadə Ermənistanı dünyaya işğalçı dövlət kimi tanıdılmasında ulu öndərin rolunu qeyd edib. Millət vəkili əlavə edib ki, Azərbaycan xalqı ulu öndərin xidmətlərini heç vaxt unutmayacaq, onun xatirəsini daim əziz tutacaq.

Sonda ümummilli lider Heydər Əliyev haqqında çəkilmiş sənədli film nümayiş olunub.