Card image cap

UFAZ-ın Rəhbər Komitəsinin IX iclası keçirilib

Oktyabın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Rəhbər Komitəsinin IX iclası keçirilib.

İclasda Rəhbər Komitənin əsas üzvləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin Prezidenti Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Azərbaycan Respublikası təhsil nazirinin müavini Muxtar Məmmədov iştirak ediblər.

Fransa tərəfdən iclasda Strasburq Universitetinin Beynəlxalq Münasibətlər və Tədqiqat Departamentinin vitse-prezidenti, professor Filip Turek , Strasburq Universitetinin Kimya fakültəsinin dekanı və UFAZ-ın koordinatoru Jan-Mark Planeks, UFAZ-ın elmi eksperti və Strasburq Universitetinin Kompüter Elmləri professoru Pierre Kolle və UFAZ-ın lahiyə nümayəndəsi Florent Baulieu iştirak edib.

Görüşdə həmçinin Fransa Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq müşaviri Jerome Kelle, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov, Baş katibi Elizaveta Bydanova və Tədris departamentinin rəhbəri Lətifə Nəsibova da iştirak edib.

Komitə, pandemiya şəraitinin yumşalması və 2021-2022 tədris ilinin üzbəüz qaydada başlanması prosesini, dərslərin təşkili, eləcə də UFAZ-ın istehsalat təcrübəsinin nəticələri haqqında müzakirə aparıb. Görüşdə 2021-ci ildə UFAZ-da bakalavr təhsilini bitirən və magistratura pilləsinin 1-ci kurs tələbələrinin son statistik nəticələri müzakirə olunub.

UFAZ-ın Rəhbər Komitəsi UFAZ-ın bütün strateji və operativ məsələlərini müzakirə etmək üçün ildə iki dəfə Bakıda və Strasburqda toplanır. UFAZ ilə əlaqəli məsələləri nəzərdən keçirmək və həll etmək səlahiyyətinə malik olan UFAZ-ın ən yüksək idarəetmə orqanıdır.