Card image cap

ADNSU-nun rektoru Moskvada beynəlxalq konfransda iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunda (MDBMİ) keçirilmiş “Dayanıqlı inkişaf və ESG-transformasiyalar” Birinci Rusiya açıq beynəlxalq konfransında məruzə ilə çıxış edib. MDBMİ-nin rektoru, akademik A.V.Torkunovun dəvəti ilə konfransda iştirak edən ADNSU-nun rektoru M.Babanlı konfransın “Elm və təhsil dayanıqlı inkişafda” adlı seksiyasında məruzə ilə çıxış edərək müasir dövrün çağırışları fonunda elm və təhsilin inkişaf etdirilməsinin xüsusiyyətləri haqda məlumat verib.
Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və ESG-transformasiya: biznes üçün çağırışlar və imkanlar”, “Yaşıl keçid və ya ticarət müharibələrinin yeni mərhələsi – yaşıl diplomatiyanın rolu” və digər seksiyalar üzrə müzakirələr aparılıb. Müzakirələrdə Rusiya prezidentinin dayanıqlı inkişaf məqsədləri üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi A.Çubays, Rusiya Federasiyasının bir neçə diyarının qubernatorları, bir sıra ölkələrin dövlət xadimləri, dayanıqlı inkişaf və ESG sahəsində nüfuzlu ekspertlər iştirak ediblər. İki gün davam edən konfrans çərçivəsində müzakirələrin ana xəttini XXI əsrdə iqlim çağırışlarının bəşəriyyətin sağ qalmasını müəyyən edən başlıca risk olduğu fikri təşkil edib.
ADNSU-nun rektoru, professor M.Babanlı konfrans çərçivəsində keçirilmiş bir sıra çoxtərəfli və ikitərəfli dialoq meydançalarında, tərəfdaş elm və tədris müəssisəələrinin tədbirlərində iştirak edib.