Card image cap

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

Noyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı ADNSU ərazi ilk partiya təşkilatının hesabat - seçki yığıncağı keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, universitetin fakültə və şöbələrini təmsil edən fəal YAP üzvləri - professor-müəllim heyəti və tələbələr iştirak edib.

Hesabat – seçki yığıncağı Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova tədbir iştirakçılarını iclasın gündəliyi ilə tanış etdikdən sonra hesabat məruzəsi ilə çıxış edib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında qurucusu ulu öndər Heydər Əliyev olan YAP-ın Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandığını deyib. O, qeyd edib ki, YAP-ın yaranması və 1993-cü ilin oktyabrında partiyanın sədri ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə Prezident seçilməsi ilə Azərbaycanda yeni dövrün, yeni inkişaf mərhələsinin əsası qoyulub.

İclasda rektor, professor Mustafa Babanlının ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova isə sədrin müavini vəzifəsinə seçilib.

YAP-a üzv olmağın şərəfli və eyni zamanda çox məsuliyyətli bir iş olduğunu vurğulayan ADNSU-nun rektoru, professor Mustafa Babanlı YAP ilk təşkilatının yaranması, keçdiyi şərəfli yol və uğurlu fəaliyyəti, həmçinin Azİİ-də ilk YAP təşkilatının yaranmasından danışıb. O YAP-ın üzvü olan ADNSU əməkdaşlarını universitetin və cəmiyyətin həyatında aktiv olmağa çağırıb.