Card image cap

ADNSU-nun tələbələri dərslərini birbaşa istehsalat müəssisəsində keçiblər

Dekabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) KTF-nin Yüksəkmalekullu birləşmələr əsasında kompazisiyaların emalı texnologiyası fənnindən iki qrupun tələbələri (327.18 və 329.18-ci qruplar) həmin günə olan dərslərini canlı olaraq istehsalat müəssisəsində keçiblər.

“Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirovun təşkilatçılığı ilə təşkil olunan dərslər Bakının Xırdalan qəsəbəsi ərazisində yerləşən Nur Kauçuk MMC-də baş tutub.

Müxtəlif növ kauçuk və rezin məmulatlar istehsal edilən zavodda sillabusa uyğun olaraq keçirilən canlı dərslər kafedra müdiri, professor Fariz Əmirov, dosent İradə Abdullayeva, laboratoriya müdiri Zahidə Əliyeva tərəfindən keçirilib. Dərs prosesində, həmçinin kafedranın digər bir neçə əməkdaşı da iştirak edib.

Tələbələr tərəfindən böyük maraqla qarşılanan dərslər 2 saat davam edib. Birbaşa müəssisədə praktiki olaraq keçirilən dərslərdən məmnun olan IV kurs tələbələri universitetdə kifayət qədər nəzəri biliklər qazansalar da, belə praktiki dərslərin onlar üçün xüsusi maraq doğurduğunu bildiriblər. Onlar müəssisədə olan avadanlıqları, dəzgahların işləmə mexanizmlərini canlı izləyib, eyni zamanda müəllimin bu barədə izahını dinləyiblər. Sonda müəllimlər və zavodun əməkdaşları tələbələr üçün maraqlı olan sualları cavablandırıblar.