Card image cap

ADNSU ilə "AzET və LAEİ" MMC arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-mexanika” fakültəsinin professor-müəllim heyəti ilə "Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyətində ("AzET və LAEİ" MMC) görüş keçirilib.

Görüşdə ADNSU-nun “Neft-Mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, “Mexanika” kafedrasının müdiri, professor Ələsgər Əliyev, “Sənaye maşınları” kafedrasının müdiri, dosent Cəmaləddin Aslanov, “Materialşünaslıq və emal texnologiyaları” kafedrasının müdiri dosent Tahir Cabbarov və fakültənin elmi işlər üzrə dekan müavini dosent Tahir Süleymanov, "AzET və LAEİ" MMC direktoru vəzifəsini icra edən t.e.n., dosent Aytək Babayeva, Laboratoriya Mərkəzinin direktoru Səbinə Əliyeva iştirak ediblər.

Tərəflər arasında əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşdə universitetdə son illər həyata keçilirən genişmiqyaslı islahatlar haqqında iştirakçılara məlumat verən Əli Hikmət Əhmədov, elm, təhsil və beynəlxalq əlaqələr üzrə əldə olunan nailiyyətlər, 2020/2021-ci tədris ilindən etibarən yeni texniki-texnoloji ixtisaslar üzrə fakültədə mütəxəssis hazırlığı istiqamətində avropa təhsil standartlarına uyğunlaşan yeni tədris proqramlarının məzmunu, ingilis dilində tədris, ikili diplom proqramları, ixtisasların akkreditasiyası, “Lazer Mərkəzi”, həmçinin startap layihələri və alimlərin texnologiyaların transferi sahəsindəki fəaliyyətindən danışıb.

"AzET və LAEİ" MMC direktoru vəzifəsini icra edən Aytək Babayeva “Azərenerji” ASC-nin strukturunda fəaliyyət göstərən üç institutun: elmi-tədqiqat və iki layihə institutunun birləşdirilməsi əsasında yaradılması və institutun fəaliyyət istiqamətində elmi-tədqiqat işləri barədə məlumat verib. Daha sonra laboratoriya Mərkəzinin direktoru Səbinə Əliyeva Respublikada bu modulda yeganə olan 7 sahədən ibarət laboratoriya mərkəzinin fəaliyyəti haqda məlumat verib. S.Əliyeva mərkəzdə dağıdıcı üsulla tədqiqat profilli metal laboratoriyası barədə məlumat verərək, qeyri-dağıdıcı üsulla tədqiqat laboratoriyasının montaj işlərinin tamamlanmasından danışıb.

Görüşün sonunda ADNSU-nun professor-müəllim heyyəti laboratoriyalarla tanış olublar.