Card image cap

ADNSU-nun 100 illiyi yubiley medalı macarıstanlı veteran məzunlarına təqdim edilib

Yanvarın 11-də Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” universitetin macarıstanlı veteran məzunlarına təqdim edilib.

Azərbaycanın qocaman ali məktəbinin “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” fəxri mükafatına Macarıstan Neft-Qaz Korporasiyasının (“Magyar Olaj és Gázipari Részvénytársaság”, MOL) baş direktorunun keçmiş müavini İştvan Ulrix, MOL-un mütəxəssisi, Bakı ali məktəblərinin macarıstanlı məzunları assosiasiyasının prezidenti Yulianna Keteleş-Baranyai, habelə Macarıstan Neft-Qaz tədqiqatları İnstitutunun mərhum əməkdaşı Luka Georgeyev Zumpalov layiq görülüb. Zumpalovun medalı onun dul qadını, ELTE Universitetinin dosenti, Bakı Dövlət Universitetinin məzunu Mariya Kenyeşeiyə təqdim edilib.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə qonaqları salamlayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dövlətlər arasındakı əlaqələrin inkişafına verdiyi töhfə barədə söhbət açıb. O qeyd edib ki, həmin dövlətlərin vətəndaşları ADNSU-nun auditoriya və kafedralarında mükəmməl təhsil alıblar. Qonaqlar tələbəlik illəri barədə xatirələrini bölüşərək qürur hissi ilə bildiriblər ki, kurs yoldaşları ilə indi də əlaqə saxlayırlar. Onların çoxu peşəkar karyerasında böyük uğurlar qazanıblar.