Card image cap

ADNSU-da II Məzun-Karyera Sərgisi keçirilib

Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 56 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 239 vakansiya üzrə iş yerlərini təklif edib. Sərgidə SOCAR, Azərsu ASC, “BP”, Schneider Electric, Schlumberger və digər dövlət və özəl şirkətlər  iştirak edib. 1500-ə yaxın tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. ADNSU-nun rektoru, professor Mustafa Babanlı sərgini ziyarət edərək şirkətlərin stendləri ilə tanış olub, şirkət nümayəndələri ilə vakansiyalar barədə söhbət edib. Sərgi saat 10:00-dan 14:00-dək iştirakçılara açıq olub.

Daha sonra ADNSU-nun rektoru, professor M.Babanlı sərgidə iştirak edən şirkətlərin rəhbər və nümayəndələri ilə görüşüb. Rektor ADNSU-da artıq ənənə halını alan karyera sərgisinin bu dəfə də  uğurla keçdiyini bildirib. Sərginin universittet və tələbələr üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini deyən M.Babanlı Məzun Karyera Sərgisinin hər il təşkil olunacağını deyib. Rektor  M.Babanlı universitet və şirkətlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin hər iki tərəfin inkişafı üçün əsas faktor hesab etdiyini deyib.

“Ötən sərgi ilə müqayisədə bu dəfəki statistik göstəricilər məni daha çox sevindirir. Cəmi ikinci dəfə təşkil olunmasına baxmayaraq artıq irəliləyişlər özünü göstərir. Universitet kimi biz hər zaman tələbələrin müəssisələrdə təcrübə keçməsinə çox önəm vermişik. Biz istəyirik ki, müəssisənin ehtiyac duyduğu kadrlar hazırlayaq. ADNSU-da tədris olunan ixtisaslar sırf praktiki yönümlü olduğundan biz müəssisələrlə birlikdə işləməyi hər zaman prioritet hesab etmişik. Çünkü biz yalnız birlikdə işləsək inkişaf edə bilərik” – deyə rektor, professor M.Babanlı bildirib.

Universitetdə həyata keçirilən islahatların nəticəsi olaraq əldə olunan nailiyyətlərdən, gündəlik təcrübə proqramından və gələcək planlardan danışan rektor M.Babanlı elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edərək beynəlxalq standartlara cavab verən universitet olmağı  ADNSU-nun qarşıya qoyduğu ən vacib vəzifə olduğunu diqqətə çatdırıb.

Daha sonra şirkət rəhbərləri və nümayəndələrlə müzakirələr aparılıb. ADNSU-nun təşkil etdiyi  karyera sərgisini yüksək qiymətləndirən şirkət nümayəndələri  universitet-müəssisə əməkdaşlığının müasir günümüzdə nə qədər önəm daşıdığını bir daha diqqətə çatdırıblar. Tədbirdə həmçinin kadr çatışmazlığı, tələbələrin problemləri və digər mövcud problemlər haqqında fikir mübadiləsi aparılıb.