Card image cap

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi yad edilib

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, professor-müəllim heyəti, tələbələr həmçinin terror qurbanlarının ailə üzvləri və yaxınları iştirak ediblər.

Anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb. Barelyefin önünə ADNSU kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı 13 il əvvəl baş vermiş terror hadisəsinin  heç kimin xatirəsindən silinməyəcəyini deyib. Terror hadisəsinin şahidlərlə yanaşı, hər kəsin qəlbində dərin iz buraxdığını deyən rektor M.Babanlı həmin gün ADNSU-nun çox qiymətli müəllim və tələbələrini itirdiyini bildirib. Rektor M.Babanlı onların heç bir zaman unudulmayacağını, xatirəsinin universitetdə daim əziz tutulacağını qeyd edərək, bütün şəhidlərimizə, həmçinin terror qurbanlarına Allahdan rəhmət diləyib.

Terror aktı qurbanlarının ailə üzvləri və yaxınları, hadisə şahidləri və universitetin əməkdaşları öz fikirlərini bölüşüb, həlak olanların xatirəsinin universitetdə daim yad edilməsinə görə təşəkkürlərini ifadə ediblər.