Card image cap

ADNSU-da “Gələcəyin energetikləri” adlı bilik yarışı keçirilib

Mayın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Şuşanın 270 illiyinə həsr olunmuş “Gələcəyin energetikləri” intellektual-bilik yarışı keçirilib.

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi və Energetika fakültəsinin təşkilatçılığı ilə keçirilən yarışda əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalından video sujet nümayiş olunub və ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirdə iştirak edən ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev rektor, professor Mustafa Babanlının tədbir iştirakçılarına salamını çatdırıb və  universitetdə fakültələr üzrə ilk dəfə belə bir bilik yarışının keçirilməsini təqdir edib.

Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev fakültə üzrə keçirilən bilik yarışının tələbələrin intellektual səviyyələrinin, həmçinin bilik və bacarıqlarının inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib və iştirakçılara bilik yarışında uğurlar diləyib.

Yarışda 8 komandanın iştirak etdiyini deyən Energetika fakültəsi üzrə THİK sədri Əliş Şirinov yarışın şərtləri və qaydaları haqqında iştirakçılara məlumat verib.

Gərgin keçən bilik yarışında energetika fakültəsinin Elektrik və elektronika mühəndisliyi ixtisasını təmsil edən 511.20 qrupu 1-ci yer, Energetika mühəndisliyi ixtisasını təmsil edən 521.20 qrupu 2-ci yer, 525.20 qrupu isə 3-cü yerin qalibi olub. Sonda qaliblər diplom və medallarla təltif olunublar.