Card image cap

ADNSU Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində iştirak edib

Mayın 6-da Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib. 

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb və tələbələrə təhsillərində, gələcək işlərində uğurlar diləyərək, bütün iştirakçıları təbrik edib.

Konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, şeirlər səsləndirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Gənclik” mahnı və rəqs ansamblının ifasında rəqs nömrələri nümayiş olunub və istedadlı tələbələr tərəfindən şeirlər səsləndirilib.

Qeyd edək ki, bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.  Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 28 ali təhsil müəssisəsi qatılıb.