Card image cap

ADNSU-da «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində təlim keçilib

Mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, bir sıra beynəlxalq layihələrin müəllifi, tanınmış jurnalist Umud Mirzəyevin təqdimatında  "Karyeranın düzgün seçilməsi. İş imkanları məhdud olarkən nə etməli?", Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Azİntelecom MMC-nin İnformasiya Təhlükəsizliyinin Təşkili Şöbəsinin mütəxəssisi Rəhimə Məmmədovanın təqdimatında “Rəqəmsal bacarıqların inkişafı. Kibertəhlükəsizlik” mövzuları istiqamətində təlim keçilib.

Təlimdə tələbələrə rəqəmsal bacarıqların vacibliyindən danışılıb. İşəgötürənlərin ehtiyac duyduğu bu bacarıqlar və tələb olunan texniki biliklərə sahib namizədlərin sayı arasında böyüyən bir uçurumun aradan qaldırılması istiqamətində bütün sahələrdən olan mütəxəssislərin, hətta ali təhsili olmayanların belə rəqəmsal bacarıqlara yiyələnməsinin vacibliyi, eləcə də bu istiqamətdə nə edəcəkləri ilə bağlı təlimat verilib. Bütün dünyanın probleminə çevrilən kibertəhükəsizlik, kiber mühitdə özünümüdafiənin yolları təlimdə əsas prioritetlərdən olub. Həmçinin, gənclərə karyeralarını qurmağın yolları, ilk olaraq hardan başlamağın vacibliyi, hansı istiqamətdə addım ata biləcəklərini necə təyin etmələri, əmək bazarını öyrənməyin yolları istiqamətində təlimatlandırılıblar.  

Qeyd edək ki,  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş "Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş BAMF-ın həyata keçirdiyi "Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı"adlı layihənin icrası uğurla davam etdirilir.  Məqsəd tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsidir. Həmçinin, bir sıra dövlət qurumlarının rəhbər şəxsləri  ilə seçilən tələbələrin görüşlərinin təşkili də nəzərdə tutulub. Layihənin sonunda yay kursları təşkil olunaraq, aktiv iştirakı ilə seçilən tələbələrə sertifikatlar təqdim olunacaq.