Card image cap

Azİİ e-Kitab Evində növbəti kitab təqdimatı keçirilib

İyunun 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən ərsəyə gələn “Maraqlı MBA.Rəhbərin masaüstü kitabı”nın təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitab haqqında iştirakçılara məlumat verib. Sonra ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, İMF-nin dekanı, dosent İlham Rüstəmov, kafedra müdiri, professor Qəzənfər Süleymanov çıxış edərək ADNSU-nun professor-müəllim heyəti və tələbələri üçün nəzərdə tutulan nəşrin dəyərli vəsait olduğunu bildiriblər. ABB-nin Marketinq departamentinin baş mütəxəssisi Könül Hilal, müəllif Elşən Bədirxanov və ABB-nin mətbuat katibi Yadigar Cəfərov da çıxışlarında kitab haqqında geniş məlumat veriblər, yeni nəşrdə əhatə olunan istiqamətlər haqqında danışıblar.

Qeyd edək ki, müəllifi Elşən Bədirxanov olan “Maraqlı MBA.Rəhbərin masaüstü kitabı” “BOOKZONE QROUP" MMC nəşriyyat evində çap olunub, yüksək keyfiyyətə və nəfis tərtibata malikdir. Kitabın nəşri Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə biznes mədəniyyətinin inkişafına verdiyi dəstəyin bir hissəsidir.