Card image cap

ADNSU-da “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

İyunun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri və digər rəsmi şəxslər, o cümlədən universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli liderimiz Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu öndər Heydər Əliyev haqqında hazırlanmış qısa film nümayiş olunub.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor M.Babanlı 15 iyun - Milli Qurtuluş Gününü qalib ölkənin vətəndaşları kimi qeyd etməyin qürurverici olduğunu deyib və həmin günün tarixi əhəmiyyətindən danışıb. 2003-cü ildən Prezident İlham Əliyevin ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini deyən rektor, professor M.Babanlı dahi liderin uzaqgörən siyasətinin nəticəsi olan, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini bildirib.

Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışında müasir, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb, Ulu öndərin müstəqilliyini itirmək təhlükəsi olan bir ölkədən müstəqil, sosial-iqtisadi inkişafa nail olmuş və bu gün bütün dünyada öz sözünü deyən demokratik bir ölkə yaratdığını deyib. Zəfərə gedən yolun Ulu öndər Heydər Əliyevin  hakimiyyətə qayıtdığı- 15 iyun 1993-cü il tarixindən başlandığını qeyd edən A.Əsgərov məhz Ulu Öndərin sayəsində bu gün müstəqil ölkə kimi Azərbaycanın beynəlxalq arenada qüdrətli bir dövlətə çevrildiyini bildirib.

Tədbir ADNSU-nun “Gənclik” Mahnı və rəqs ansamblının rəqs nömrələri, Asəf Zeynallı adına Musiqi Kollecinin tələbə və müəllim heyətinin ifaları, həmçinin Azərbaycan Respublikasının Əməkdar artistləri Təyyar Bayramov və Elnur Zeynallının ifalarında bədii hissə ilə davam edib. Tədbirin sonunda Azərbaycan xalqının ümummmilli lideri Heydər Əliyevin siyasi uzaqgörənliyini bir daha təsdiq edən, ulu öndərin Qarabağın azad olunacağına inamını ifadə edən səs yazısı nümayiş olunub. Milli Qurtuluş Gününə həsr olunmuş tədbir “Azərbaycan” mahnısının sədaları altında yekunlaşıb.