Card image cap

ADNSU Türkiyədə təşkil olunan təhsil sərgisində təmsil olunub

İstanbul Kent Universitetində təhsil sərgisi keçirilib. Sərgidə Azərbaycanın nüfuzlu ali təhsil müəssisələri - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universiteti təmsil olunub. Sərgi qardaş ölkənin mediası və təhsil ictimaiyyətinin diqqətini cəlb edib, belə tədbirin təşkil olunmasının Azərbaycan və Türkiyənin təhsil sahəsində əlaqələrinin daha da güclədirilməsi baxımdan xüsusilə önəmli olduğu bildirilib.

Təhsil proqramına uyğun şəkildə təşkil olunan və iki gün davam edən sərgidə iştirak etməkdə məqsəd Azərbaycan universitetlərinin təbliği və xarici ölkələrin tələbələrinin diqqətini ölkəmizin ali təhsil müəssisələrinə cəlb etməkdən ibarətdir.
Ölkəmizin hüdudlarından kənarda belə tədbirlərin keçirilməsi Azərbaycan təhsilinin dünya miqyasında tanıdılması, eyni zamanda təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. ADNSU sərgidə bir neçə layihə ilə, həmçinin universitet haqqında məlumatların yer aldığı buklet, broşür və digər çap məhsulları ilə iştirak edib.
Qeyd edək ki, İstanbul Kent Universitetinin ev sahibliyi etdiyi təhsil sərgisinin təşkilatçısı “Azedu Academy”dir. Qardaş Türkiyə ilə yanaşı, digər ölkələrdə də Azərbaycan universitetlərinin təhsil sərgilərinin təşkili nəzərdə tutulub.