Card image cap

ADNSU –da Ombudsman tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib

İyunun 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquqlarına həsr olunmuş hüquqi maarifləndirmə tədbiri keçirilib.   

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, ADNSU-nun baş hüquqşünası Fərrux Hüseynov və tələbələrin  iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent A. Babayev çıxış edərək,  rektor, professor Mustafa Babanlının tədbir iştirakçılarına salamını çatdırıb və insan hüquqlarının müdafiəsinin təbliği, həmçinin cəmiyyətdə hüquqi düşüncənin və hüquq mədəniyyətinin inkişafı baxımından tədbirin əhəmiyyətindən danışıb.

Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasında, habelə digər qanunvericilik aktlarında gənclərin təsbit olunmuş hüquqları və qanuni mənafelərinin qorunması ilə bağlı mühüm müddəalar, onların təmin olunması istiqamətində dövlət səviyyəsində görülmüş işlər, o cümlədən ombudsmanın insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirdiyi fəaliyyət barədə  tədbir iştirakçılarına məlumat verib.

Tədbirin sonunda 18 iyun – İnsan Hüquqları Günü ilə bağlı müzakirələr aparılıb və tələbələri  maraqlandıran suallar cavablandırılıb.