Card image cap

ADNSU-da 2021-2022-ci tədris ilində Elmi Şuranın son iclası keçirilib

İyulun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı öncə universitetin kafedra müdiri, dosent Şükür Nəsirovu 60 illik yübileyi münasibəti ilə təbrik  edib və sonra gündəlikdə olan məsələlər haqqında məlumat verib. Gündəlik şura üzvləri tərəfindən təsdiq olunduqdan sonra rektor, professor Mustafa Babanlı illik hesabat məruzəsi ilə çıxış edib.

2021-2022-ci tədris ilinin yekunları, uğurlar çatışmazlıqlardan danışan rektor, professor Mustafa Babanlı yola saldığımız tədris ilində universitetdə təhsil və tədrisin keyfiyyəti ilə bağlı təhlil apararaq şura üzvlərinə geniş məlumat verib. O, bildirib ki, tədrisin əsas hissəsini məzmun, onun çatdırılması və qiymətləndirmə təşkil edir və hər bir müəllim, təhsilverən bu meyarı nəzərə almalıdır. Bir il ərzində universitetdə görülən işlər haqqında ətraflı məlumat verən rektor, professor Mustafa Babanlı fakültələr üzrə dərslərin tənzimlənməsi, universitetə qəbul qaydaları, tələbələrə yüksək biliyin verilməsi istiqamətində görülən işlər, həmçinin ADNSU-nun beynəlxalq əlaqələri, akreditasiya olunmuş ixtisaslar, universitetin professor-müəllim heyətinin elmi nailiyyətləri, dünya səviyyəli metrik bazalarda çap olunmuş məqalələr və ümumilikdə universitetin elmi-tədqiqat sahəsində əldə etdiyi uğurlardan və hədəflərdən danışıb.

İllik hesabatda tədris və təhsillə bağlı bütün məsələlər əhatə olunub, 2021-2022-ci tədris ilinin imtahan sessiyalarının nəticələri barədə iclas iştirakçıları ilə fikir mübadiləsi aparılıb. Ümumilikdə iki illik pandemiyadan sonra ənənəvi formatda start götürən və başa çatmaqda olan tədris ili şura üzvləri tərəfindən uğurlu hesab olunub.

Müzakirə olunan məsələlər və hesabatla bağlı şura üzvlərinin sualları cavablandırıldıqdan sonra rektor, professor M.Babanlı yeni tədris ilinə hazırlıqla bağlı, həmçinin görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıq və tövsiyələrini verib.